Tarixi İrəvan qazılığının bərpasından ciddi şəkildə təşvişə düşmüş erməni kilsəsinin tarixi saxtalaşdırma və dezinformasiyalarından fərqli olaraq, Azərbaycan real tarixi faktlara istinadən mənəvi hüquqlarını bəyan edir.
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "İrəvan qazılığının tarixi" kitabının təqdimatında deyib.
O qeyd edib ki, QMİ "İrəvan qazılığının tarixi" kitabı və davamlı fəaliyyətləri ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində var qüvvəsi ilə səy göstərəcək:
"Biz soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpası yönündə, tarixi torpaqlarımıza qayıdışımızın mənəvi sütunlarının ucaldılması yolunda əlindən gələni əsirgəməyəcəyik".
QMİ sədri deyib ki, Azərbaycan dindarları ölkənin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqəti ilə qürur duyurlar:
"Dindarlar hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər, hər zaman dövlətimizin yanındadırlar. Heç kim bizim tərəqqipərvər dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimizə müdaxilə edə bilməz. Ölkəmizdə vətəndaş həmrəyliyi sayəsində daxili monolitliyimizi qoruyub saxlamaqla, milli maraq və mənafe, mənəvi dəyərlərimizi bütün yad təsirlərdən hifz edə bilərik. Milli-mənəvi irs bizə ata-babalarımızın müqəddəs mirasıdır, özəl və dəyərlidir. Heç bir qüvvə bizi bu dəyərlərdən ayıra, milli məfkurəmizə xələl gətirə bilməz. Vətənimiz müdrik dövlətçilik təfəkkürü ilə qədim dövlətçilik ənənələrimizə və müasir müstəqillik təcrübəmizə istinadən güclü, müzəffər liderinin rəhbərliyi ilə tarixi ədaləti, əzəli haqlarımızı bərpa edir, parlaq gələcəyimizi qurur".
Mənbə: report.az