1969-cu ildə cəmi 20 dəqiqəyə yazılan “Bəxtəvər oğul” mahnısı musiqi tarixinin ən məşhur əsərlərindən birinə çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın “Creedence Clearwater Revival” qrupunun ifa etdiyi mahnı Vyetnam müharibəsi dövründə yaranıb və müharibə əleyhinə mesajı ilə dünya miqyasında tanınıb. Mahnının müəllifi, qrupun solisti Con Foqerti əsərin yaranma tarixçəsini açıqlayıb.
Musiqiçi Rik Beato ilə müsahibəsində Foqerti bildirib ki, mahnının ideyası qəfil yaranıb. Həmin dövrdə ABŞ-də baş verən siyasi və ictimai hadisələr, xüsusilə hərbi xidmətə çağırışla bağlı ədalətsizliklər onun yaradıcılığına ciddi təsir göstərib.
Foqertinin sözlərinə görə, o, əvvəlcə mahnını “Sevimli oğul” adlandırmaq istəyib. ABŞ siyasətində bu ifadə doğma ştatının nümayəndələri tərəfindən dəstəklənən prezidentliyə namizədlərə münasibətdə işlədilir. Lakin ilk misralardan sonra əsərin istiqaməti dəyişib və nəticədə “Bəxtəvər oğul” adı ortaya çıxıb. Foqerti mahnının sözlərini təxminən 20 dəqiqə ərzində tamamladığını bildirib. Bu, onun yaradıcılıq həyatında ən qısa müddətdə yazdığı əsərlərdən biri olub.
Mahnının əsas mövzusu Vyetnam müharibəsi dövründə cəmiyyətdə mövcud olan sosial bərabərsizlikdir. Əsərdə varlı və nüfuzlu ailələrin övladlarının hərbi xidmətdən yayınmaq imkanları tənqid olunur. Mahnı qısa müddətdə müharibə əleyhinə etirazların musiqi simvoluna və qrupun ən məşhur mahnılarından birinə çevrilib. Mahnı ABŞ-nin “Billboard Hot 100” siyahısında 14-cü yerə yüksəlib.
Mahnı ABŞ-dən kənarda da böyük populyarlıq qazanıb. Kanada, Fransa və Belçikada musiqisevərlərin rəğbətini qazanan əsər illər keçdikcə klassik rok musiqisinin ən tanınmış nümunələrindən birinə çevrilib. Amerika Səsyazma Sənayesi Assosiasiyası (RIAA) mahnını səkkizqat platin sertifikatına layiq görüb. Bu, əsərin böyük kommersiya uğurunun göstəricilərindən biridir.
“Rolling Stone” jurnalı da “Bəxtəvər oğul” mahnısını bütün zamanların 500 ən yaxşı mahnısı siyahısına daxil edib. Əsər müxtəlif filmlərdə səsləndirilib, bir çox məşhur ifaçılar tərəfindən yenidən ifa olunub. Mütəxəssislərin fikrincə, mahnının onilliklər keçməsinə baxmayaraq aktuallığını qorumasının əsas səbəbi onun sosial ədalətsizlik və müharibə əleyhinə mesajıdır.
Beləliklə, cəmi 20 dəqiqə ərzində yazılan mahnı 57 ildən sonra da dünya musiqi tarixinin unudulmaz əsərləri arasında yerini qoruyur.
musiqi dünya hitləri rok musiqisiMənbə: lent.az