IMG-LOGO

Jurnalistə “əcəb oldu!” deyənlər, Çingizdən utanın!

02 Nov 2026 10:14 6 baxış
IMG
1 0

Bir həftədə üç həmkarımız şiddətə məruz qaldı. Birinci və ikinciyə susulduğu üçün üçüncü də baş verdi. Bir nəfər döyüləndə tərkibində “amma” bağlayıcısının istifadə olunduğu cümlə qurulanda - “jurnalisti döymək olmaz, amma…”. əlbəttə ki, üçüncü, hətta dördüncü və beşinci hadisələr də baş verər. Jurnalistləri söyənlər - “əcəb oldu!”, “ölkədə normal jurnalist yoxdur!”, “yaltaqlara ar olsun!”, - deyənlər çıxdı ortaya. Normal jurnalist yoxdur deyən adamların başı daşa dəyəndə “bacıoğlu, jurnalist adamsan gör nə əncam çəkə bilirsən?”, - deyib jurnalistin başına-gözünə dönürlər. Nə tez yaddan çıxdı? Hansısa məmur vətəndaşı qapıdan qovanda yenə də jurnalist köməyə çatır. Mənşəyi məlum olmayan universitetlərdən sertifikat alıb, gəlib plastik cərrah işləyən “həkim”ləri də, qulağına bayraq keçirib ət doğrayan məktəb direktorlarını da, xidməti geyimdə əxlaqsızlıq nümayiş etdirənləri də, rüşvət alıb “iş görən”ləri də, vəzifəsindən sui-istifadə edib, “qoçu”luq edənləri də jurnalistlər üzə çıxarmadı? Bəlkə yadınızdan çıxıb? Bu adamların öz cəzalarını almalarında medianın rolu yox idi? Diplomu olmayan, ucuz iş görən, üz dartma əməliyyatı adıyla camaatın ağzını qulağının dibinə tikən həkimləri kim ifşa edir? Kim? Bəs rüşvətlə xəstəxanada növbəni pozan həkimi? Pulla bal düzəldən müəllimi? Bunları jurnalist ifşa etmir? Yaxşı, normal jurnalist yoxdursa, bəs bunları kim edib, edir? Yerindən duran hüquqşünas olub, jurnalistə dərs keçir. Hüquq belə gəldi, belə getdi. Hamı öz işiylə məşğul olsun. Bundan sonra jurnalistə “əcəb oldu!” deyənlərin başına bir iş gələndə medianı itirib, axtarmasınlar.

Ar olsun o adamlara ki, “ölkədə jurnalist yoxdur”, deyirlər. Birinci və İkinci Qarabağ müharibələri, karantin dövrü, Antiterror əməliyyatları, Aprel döyüşləri, Tovuz döyüşləri, 20 Yanvar hadisələri, Bərdə, Gəncə terroru, Xocalı faciəsi, 31 mart soyqırımı, Ballıqaya qətliamı. Bu hadisələri jurnalistlər işıqlandırdı. “Azərbaycanda indiyə qədər jurnalist olmayıb”, - deyənlər heç olmasa Çingizdən utansınlar. Media olmasa idi bu gün heç bir həqiqəti nəinki dünyaya, heç ölkədəki xainlərə də çatdıra bilməyəcəkdik! 44 günlük Vətən müharibəsində ən son məlumatları çatdıranlar da məhz jurnalistlər oldular. Hansı ki, bu gün başlarında mikrafon sındırılır. O mikrafon ki, haqqı insanlara göstərib və göstərir. Jurnalistin mikrafonunu sındırmaq, əsgərin silahını əlindən almaq kimidir. Onu cəbhədə tək, əliyalın qoymaqdır. Ayıb olsun bu insanlara ki, keçmişi çox tez unudublar. Jurnalistlər həmin anlarda cəbhədən, Müdafiə Nazirliyindən dəqiq məlumatları insanlara çatdırmasaydılar indiyə başımıza gələ biləcəkləri düşünmək belə istəməzdik. Bu bilirsiniz nəyə oxşayır? Deməli, Nəsirəddin Tusi Marağada rəsədxana tikdirmək istəyir. Bunun üçün Hülaku xandan böyük məbləğdə vəsait ayrılmasını xahiş edir.

Hülaku xan isə təəccüblənərək soruşur: Ulduzları öyrənmək üçün bu qədər xərc çəkməyə nə ehtiyac var? Bu elmin nə faydası olacaq?

Tusi isə ona bir təcrübə göstərməyi təklif edir: Şahın əmri ilə bir nəfər dağın başına çıxarılır. Ona böyük bir mis teşti dağdan aşağı atmaq tapşırılır. Bunu elə edirlər ki, əsgərlərin bundan xəbəri olmasın.

Qab qayalara dəyə-dəyə aşağı yuvarlanır, böyük gurultu qoparır. Səsi eşidən əsgərlər vahiməyə düşür, elə bilirlər ki, düşmən hücum edir. Qoşunda qarışıqlıq yaranır.

Hülaku xanla Tusi isə sakit dayanırlar. Çünki baş verəcək hadisədən əvvəlcədən xəbərdar idilər.

Tusi hökmdara deyir: “Görürsünüzmü, hadisənin səbəbini biz bildiyimiz üçün qorxmuruq. Bilməyənlər isə vahiməyə düşürlər.”.

Jurnalistlər olmasa idi insanlar oradan-buradan eşitdiklərinə inanar, şayiələr yayar, müharibədə övladı olan ata-anaların ürəyi tutub, ölərdilər.

Ona görə də jurnalistləri söyməmişdən əvvəl əlinizi vicdanınıza (əgər varsa) qoyub, çox yox, altı il əvvələ baxın, sonra isə susun.

JURNALİST Media hüquq jurnalistlərin döyülməsi şiddətə son jurnalistin hüquqları müharibə karantin

Mənbə: lent.az

Xəbər lenti