Roma Papası XIV Leo ABŞ-də keçirilən aralıq seçkilərində poçt vasitəsilə səs verərək ABŞ seçkilərində iştirak edən ilk pontifik olub.
"Report" xəbər verir ki, bu barədə CNN Vatikanın bəyanatına istinadən məlumat yayıb.
"Müqəddəs Ata vətəndaşların demokratik proseslərdə iştirakının onların hüquq və vəzifəsi olduğuna əmindir", - bəyanatda deyilir.
Çikaqoda doğulan və ABŞ vətəndaşlığını qoruyub saxlayan XIV Leo, qardaşı Conun yaşadığı Nyu-Lenoksda seçici kimi qeydiyyatdan keçib. Son illərdə o, həm Respublikaçılar, həm də Demokratlar partiyasının praymerizlərində iştirak edib, həmçinin 2024-cü il prezident seçkilərində səs verib.
Papalıq haqqında bir neçə kitabın müəllifi olan britaniyalı tarixçi Maykl Uolş CNN-ə bildirib ki, o, papaların əvvəllər demokratik dünyəvi seçkilərdə iştirak etməsi barədə məlumatlı deyil. 2025-ci ilin mayında pontifik seçildikdən sonra XIV Leo vətəndaş fəallığına, o cümlədən ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə bağlı mövqe bildirməyə çağırıb. CNN-in məlumatına görə, müharibə və miqrantlara qarşı sərt tədbirlər onunla ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında fikir ayrılıqlarının yaranmasına səbəb olub.
Mənbə: report.az