IMG-LOGO

"Anam olmasaydı, futbolu ata bilərdim" - Məşhur futbolçu

10.07.2024 13:25 15 baxış
IMG

Anxel Di Mariya anasının onun futbol karyerasını necə xilas etməsi barədə danışır:

“Həqiqətən, “Sentral”da keçirdiyim vaxtlar mənim üçün çox çətin idi. Əslində, anam olmasaydı, futbolu ata bilərdim. 15 yaşım var idi və fiziki cəhətdən kifayət qədər inkişaf etməmişdim. Məşqçimiz çox çılğın insan idi, fiziki güclü və aqressiv oyunçulara üstünlük verirdi. Bu isə mənim tərzim deyildi. Bir gün cərimə meydançasında hava topuna tullanmadığım üçün məşqdən sonra bütün komanda yoldaşlarımı ətrafıma topladı və dedi:

- Sən qorxaq və rəzalətsən! Həyatda heç nəyə nail olmayacaqsan! Heç vaxt uğurlu olmayacaqsan! 

Darmadağın olmuşdum. O hələ sözünü bitirmədən komanda yoldaşlarımın önündə ağlamağa başladım və qaçaraq meydançadan çıxdım.

Evə çatanda təkcə ağlamaq üçün birbaşa otağıma getdim. Anam bir problem olduğunun fərqinə çox tez vardı, çünki həmişə məşqdən qayıdandan sonra həyətə düşüb daha çox çalışır, oynayırdım. Otağıma gəlib nə baş verdiyini soruşdu. Ona baş verənləri danışmağa çəkinirdim, qorxurdum ki, velosipedi götürüb, gedib məşqçimizi yumruqlayacaq.

Anama dedim ki, dalaşmışam, amma o, bunun yalan olduğunu bilirdi. Belə olan halda o bütün anaların edəcəyi şeyi etdi – məşq yoldaşımın anasına zəng edib, baş verənləri öyrəndi.

Anam otağa qayıdanda daha çox ağlayırdım və ona futbolu atmaq istədiyimi dedim. Növbəti gün evdən çıxa bilmədim, məktəbə getmək istəmədim. Çox alçaldılmışdım. Anam yanıma gəlib yatağıma oturdu və dedi:

- Geri qayıdırsan, Anxel! Bu gün geri qayıtmalı və özünü məşqçiyə sübut etməlisən.

Həmin gün məşqə qayıtdım və çox təəccüblü bir şey baş verdi. Komanda yoldaşlarım məni lağa qoymadılar, əksinə, mənə kömək etdilər. Top havaya qalxanda müdafiəçilər başla zərbə endirməyimə şərait yaradırdılar. Özümü yaxşı hiss etdiyimdən əmin oldular və həmin gün mənim qayğıma qaldılar. Futbol çox rəqabətli oyundur, xüsusilə də, Cənubi Amerikada. Hər kəs daha yaxşı bir həyat üçün çalışır, amma o günü hər zaman xatırlayacam. Çünki komanda yoldaşlarım əzab çəkdiyimi görüb, mənə kömək etdilər”.

Xəbər lenti