Mançester Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma müxtəlif opioid tərkibli ağrıkəsicilərin tənəffüsün təhlükəli dərəcədə zəifləməsi riskinə fərqli təsir göstərdiyini ortaya çıxarıb. Tədqiqatın nəticələrinə görə, ən yüksək risk fentanil preparatı ilə əlaqələndirilir.
Lent.az xəbər verir ki, "BMC Medicine" jurnalında dərc olunan araşdırma xərçənglə əlaqəli olmayan ağrıların müalicəsi üçün opioid qəbul edən 32 mindən çox yetkin pasiyentin tibbi məlumatlarının təhlili əsasında hazırlanıb.
Tədqiqat zamanı müəyyən edilib ki, fentanil təyin olunan pasiyentlərdə tənəffüsün zəifləməsi riski kodein qəbul edənlərlə müqayisədə üç dəfədən çox yüksək olub. Bir neçə opioidin birlikdə istifadəsi riski təxminən üç dəfə artırıb. Oksikodon və morfin preparatları da kodeinlə müqayisədə əhəmiyyətli dərəcədə daha yüksək risk daşıyıb.
Alimlər fentanili birbaşa morfinlə müqayisə etdikdə də onun daha təhlükəli olduğunu müəyyən ediblər. Belə ki, fentanil qəbul edənlərdə tənəffüs problemlərinin yaranma ehtimalı morfin qəbul edənlərlə müqayisədə təxminən iki dəfə yüksək olub.
Araşdırma göstərib ki, opioidlərin yüksək dozada qəbulu da təhlükəni artırır. Gündəlik 120 milliqram və ya daha çox morfin ekvivalenti qəbul edən pasiyentlərdə tənəffüsün zəifləməsi riski gündə 50 milliqramdan az qəbul edənlərlə müqayisədə iki dəfə yüksək olub.
Tədqiqat müəllifləri xüsusilə xroniki ağciyər xəstəlikləri olan şəxslərə opioid təyin edilərkən daha ehtiyatlı davranılmasını tövsiyə edirlər. Məsələn, xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan pasiyentlərdə fentanil istifadəsi tənəffüs pozğunluğu riskini dörd dəfə artırıb.
Bundan əlavə, opioidlərin sinir sisteminə təsir göstərən digər preparatlarla birlikdə qəbulu da əlavə təhlükə yaradır. Xüsusilə gabapentin və preqabalin kimi qabapentinoid qrupuna aid dərmanlarla eyni vaxtda istifadə tənəffüsün zəifləməsi ehtimalını artırıb.
Alimlərin sözlərinə görə, bütün güclü opioidlər eyni reseptor sisteminə təsir etsə də, onların tənəffüsə təsiri fərqlənir. Fentanilin yüksək gücə malik olması və beyinə çox sürətlə nüfuz etməsi onun tənəffüsü daha kəskin şəkildə zəiflətməsinə səbəb ola bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, opioidlər güclü kəskin ağrıların müalicəsində mühüm dərmanlar olaraq qalır. Lakin həkimlər və pasiyentlər müxtəlif preparatların və dozaların fərqli risklər daşıdığını nəzərə almalıdırlar. Alimlər hesab edirlər ki, yeni nəticələr ağrıkəsicilərin daha təhlükəsiz təyin olunmasına və ağır fəsadların qarşısının alınmasına kömək edə bilər.
dərman ağrıkəsiciMənbə: lent.az