İtaliya dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olsa da, turistlər burada müxtəlif gizli ödənişlər və fırıldaqçılıq halları ilə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, Avropanın heç bir ölkəsində bu qədər əlavə xərc və aldadılma halları ilə rastlaşmayıblar.
Lent.az xarici mediaya istinadən İtaliyada turistlərin ən çox qarşılaşdığı aldatma üsullarını açıqlayır.
Məlumata görə, ən çox şikayət restoranlardan gəlir. Turistlər hesablara sifariş etmədikləri içkilərin əlavə edildiyini, həmçinin dondurmaya vurulan qaymaq, meyvə, qoz-fındıq və digər əlavələrə görə əvvəlcədən xəbərdarlıq edilmədən əlavə ödəniş tələb olunduğunu bildirirlər.
Belə hallardan biri Romada yaşanıb. Sosial şəbəkə istifadəçisi bildirib ki, özü və dostu hərəsi 4 avroya üç top dondurma sifariş edib. Onlar ümumilikdə 24 avro ödəyəcəklərini düşünsələr də, kassada 44 avro tələb olunub. Səbəb isə satıcının dondurmaya əlavə etdiyi qaymaq, makaron və kannoli kimi əlavələr olub. Turist iddia edir ki, kafedə bu əlavələrin qiymətə daxil olduğu təəssüratı yaradılıb.
Turistlər suvenir mağazalarında da oxşar problemlərlə üzləşirlər. Onların sözlərinə görə, bəzi satıcılar alıcının diqqətinin yayındığından istifadə edərək ödənişi alınmış məhsullardan birini qəsdən paketə qoymurlar. Belə hallardan birində turist boyunbağı və qolbaq üçün pul ödəsə də, satıcı yalnız qolbağı təqdim edib.
Bəzi restoranlarda isə bir porsiyanın iki nəfər arasında bölünməsinə görə əlavə ödəniş tələb olunur. Müəssisə sahibləri bunu əlavə boşqab, salfet və xidmət xərcləri ilə əsaslandırırlar.
Turistlərin narazı qaldığı başqa bir məsələ isə kirayə mənzillərdə yataq dəsti və dəsmallara görə ayrıca ödəniş alınmasıdır. Bəzi hallarda bu xərclər elanlarda göstərilmir və yalnız ödəniş zamanı məlum olur.
Mütəxəssislər bildirirlər ki, bu cür hallara daha çox Roma, Milan, Neapol və Venesiya kimi turistlərin sıx olduğu şəhərlərdə rast gəlinir.
Bundan əlavə, İtaliyada turistləri küçədə dostluq bilərziyi, gül və ya kiçik hədiyyələr adı ilə pulsuz əşyalar götürməyə sövq edən şəxslər də geniş yayılıb. Əşya turistin əlinə verildikdən sonra isə ondan pul tələb edilir.
Səyahətçilər üçün digər sürpriz isə İtaliya restoranlarında tətbiq olunan coperto sistemidir. Bu sistemə əsasən, masa arxasında əyləşən hər bir şəxs üçün hesabın üzərinə adətən 1-2 avro əlavə edilir. Bəzi restoranlarda bunun qarşılığında çörək və ya kiçik ikram təqdim edilsə də, bəzi məkanlarda heç bir xidmət göstərilmədən bu ödəniş alınır.
Mütəxəssislər turistlərə sifariş verməzdən əvvəl qiymətləri dəqiqləşdirməyi, hesabı diqqətlə yoxlamağı və küçədə tanımadıqları şəxslərin təklif etdiyi pulsuz hədiyyələri qəbul etməməyi tövsiyə edirlər.
İtaliya dünya səyahətMənbə: lent.az