Bir çox istifadəçi Wi-Fi routerini illərlə fasiləsiz işləyə bilən cihaz hesab edir. Lakin mütəxəssislər bildirirlər ki, routerin mütəmadi olaraq yenidən işə salınması internet bağlantısının sabitliyini qorumağa və geniş yayılmış problemlərin qarşısını almağa kömək edir.
Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, müasir router əslində öz əməliyyat sistemi, yaddaşı və proqram təminatı olan kiçik kompüterdir.
Cihaz fasiləsiz işlədiyi müddətdə çoxlu sayda məlumatı emal edir, müxtəlif qurğuların qoşulmasını idarə edir və şəbəkə sorğularını qəbul edir.
Router niyə vaxtaşırı yenidən işə salınmalıdır?Daimi istifadə nəticəsində routerdə kiçik proqram xətaları yarana, yaddaş yüklənə və bəzi sistem proseslərində nasazlıqlar meydana çıxa bilər. Bu isə internet sürətinin azalmasına, Wi-Fi siqnalının qeyri-sabit olmasına və bağlantının tez-tez kəsilməsinə səbəb ola bilər.
Mütəxəssislər hesab edirlər ki, ev istifadəçiləri üçün routeri təxminən ayda bir dəfə yenidən işə salmaq kifayətdir. Bu, müvəqqəti proseslərin təmizlənməsinə, cihazın resurslarının boşaldılmasına və normal iş rejiminin bərpa olunmasına kömək edir.
Avtomatik yenidən başlatma funksiyası da varBəzi müasir router modellərində yenidən başlatma prosesini avtomatik həyata keçirmək mümkündür. İstifadəçilər cihazı elə proqramlaşdıra bilərlər ki, o, gecə saatlarında, internetdən istifadənin minimum olduğu vaxtda özü yenidən işə düşsün.
Routeri düzgün şəkildə necə yenidən işə salmaq olar?Mütəxəssislər internetdə problem yarandıqda ilk addımlardan biri kimi routeri yenidən işə salmağı tövsiyə edirlər. Bir çox hallarda bu üsul provayderə müraciət etmədən və ya avadanlığı dəyişmədən nasazlığı aradan qaldırmağa imkan verir.
Routeri yenidən işə salarkən onu elektrik şəbəkəsindən tam ayırmaq və ən azı 30 saniyə gözləmək tövsiyə olunur. Daha sonra cihaz yenidən qoşulduqda internet bağlantısının və bütün xidmətlərin tam bərpa olunması üçün bir neçə dəqiqə vaxt tələb oluna bilər.
Mütəxəssislərin fikrincə, bu sadə vərdiş ev internet şəbəkəsinin daha stabil işləməsinə kömək edir və routerin uzun müddət səmərəli fəaliyyət göstərməsini təmin edir.
modem router Wi-FiMənbə: lent.az