IMG-LOGO

Kürd silahlılarının qərargahı “Komala” niyə vuruldu? - İranın hərbi gücünü belə zəiflədirlər

05 Mar 2026 11:46 4 baxış
IMG
2 1

İran qüvvələri qonşu İraqın kürd bölgəsində fəaliyyət göstərən silahlı qruplara qarşı əməliyyata başlaması bəzi suallara səbəb olub.

Lent.az xəbər verir ki, Al Jazeera kanalının bölgədə olan müxbirinin hazırladığı reportajlardan belə məlum olur ki, bəzən bu proseslərlə bağlı olmayan kimsələr də  münaqişəyə cəlb edilir.

İran kimləri və niyə hədəf alır?  

Artıq bəlli olduğu kimi İran regional müharibə zəminində İsrailə və Yaxın Şərqdəki ABŞ obyektlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumların 19-cu dalğasını başladıb. İranın Press TV kanalı cümə axşamı səhər saatlarında bildirib ki, hücumlar “İran əleyhinə separatçı qüvvələrə” qarşı yönəlib. Lakin zərbələrin dəqiq harada həyata keçirildiyi barədə məlumat verilməyib. Bu isə regionda yaşayan mülki əhalini qorxuya salır.

İraqın yarı muxtar Kürdüstan bölgəsinə endirilən zərbələr ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin başlanmasından təxminən bir həftə sonra baş verir. İranın yarırəsmi Tasnim xəbər agentliyinin məlumatına görə, şənbə günündən bəri ölkə üzrə ən azı 1045 nəfər həlak olub.

Bundan əvvəl İraqın şimalında yerləşən Süleymaniyyə vilayətində də bir neçə partlayış baş verdiyi bildirilib. Yerli medianın yaydığı məlumata  görə, vilayətin Ərəbat, Zərküz və Surdaş əraziləri yaxınlığında ən azı dörd partlayış səsi eşidilib.

Yerli mənbələr bildiriblər ki, hücumların hədəfi İraqda fəaliyyət göstərən İran kürdlərinə məxsus silahlı qrup – Kürdüstan Zəhmətkeşlər Birliyinin (Komala) qərargahı olub.

Bu hücumlar İran kürd silahlı qruplarının son günlər ABŞ ilə İranın qərb bölgələrində təhlükəsizlik qüvvələrinə qarşı hücumların mümkün olub-olmadığını və Vaşinqtondan hansı dəstəyi ala biləcəklərini müzakirə etməsi barədə yayılan məlumatlar fonunda baş verir.

Reuters agentliyinin məlumatına görə, İran-İraq sərhədində yerləşən kürd silahlı qruplarından ibarət koalisiya belə bir hücuma hazırlaşır və bununla İranın hərbi gücünü zəiflətməyi planlaşdırır. Bundan əvvəl İranın Tasnim agentliyi kürd döyüşçülərinin İraqdan İran ərazisinə keçməsi ilə bağlı xəbərləri təkzib edib.

İran İsrailə və ABŞ mövqelərinə cavab zərbələrini necə endirir?

Kürd qruplarına qarşı hücumlarla paralel olaraq İranın İnqilab Keşikçiləri Korpusu bu gün səhər saatlarında İsrailə və Yaxın Şərqdəki ABŞ obyektlərinə qarşı yeni hücum dalğasının başladığını açıqlayıb.

İsrailin 12-ci kanalı xəbər verib ki, ölkənin hava hücumundan müdafiə sistemi Qərbi Qalileya bölgəsi üzərində iki pilotsuz uçuş aparatını məhv edib. Səudiyyə Ərəbistanı isə ən azı üç dronun vurulduğunu bildirib. Qətər isə Dohada yerləşən ABŞ səfirliyi yaxınlığındakı evlərin boşaldılması barədə göstəriş verib.

Tehran sakinləri şəhəri tərk edir

Bu arada ABŞ və İsrail İran ərazisinə zərbələr endirməyə davam edir. Partlayışlar Tehranda, eləcə də Kürdüstan bölgəsində yerləşən Sənəndəc, Saqqız və Bukan şəhərlərində hiss olunub.

İsrail ordusu bazar ertəsi səhər yeni genişmiqyaslı hücum dalğasını təsdiqləyib. Ordunun sözçüsü bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İranın Qum şəhərindən hücuma hazırlaşan ballistik raket buraxılış platformasını “vuraraq məhv edib”.

ABŞ Mərkəzi Komandanlığı isə İranın mobil raket buraxılış imkanlarını “aradan qaldırmağı” hədəflədiyini bildirib.

Tasnim agentliyinin məlumatına görə, İran bu hücumlara cavab olaraq hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.

Al Jazeera kanalının Tehranda olan reportyoru Tohid Əsədi bildirib: “Gecə yarısından etibarən bu hücumların yeni dalğasının başladığını gördük. Təxminən bir saat əvvəl paytaxtın şərq hissəsindən güclü partlayış səsləri eşidildi və biz olduğumuz yerdə də zərbə dalğalarını hiss etdik”.

O, əlavə edib ki, hədəflərin nə olduğu hələ də tam məlum deyil. Gecə ərzində Sənəndəc, Saqqız və Bukan kimi kürd şəhərlərində də hücumlar qeydə alınıb.

Əsədi qeyd edib ki, ABŞ və İsrailin davam edən zərbələri səbəbindən Tehranın əhalisinin “əhəmiyyətli bir hissəsi” şəhəri tərk etməyə qərar verib. Əsasən paytaxtdan kənarda evi olan insanlar şəhəri tərk edir.

“Bununla belə, hələ də çoxlu insan Tehranda qalıb və onlar narahatlıq, gərginlik və qorxu içində yaşayırlar”, – deyə o əlavə edib.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi İran İsrail ABŞ İraq Kürdüstanı Komala İnqilab Keşikçiləri Korpusu Süleymaniyyə Tehran raket hücumları pilotsuz uçuş aparatları Yaxın Şərq müharibəsi

Xəbər lenti