IMG-LOGO

Nə otel var, nə kafe - bu adaya turistlər donuzlara görə gəlirlər

22 Sep 2026 15:52 2 baxış
IMG
3 0

Yunanıstanın kiçik Atokos adasında nə otel, nə də kafe var. Buna baxmayaraq, ada turistlərin diqqətini çəkir. Səbəb isə çimərlikdə sərbəst gəzən və istirahətçilərlə birlikdə dənizdə üzən qara donuzlardır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İon dənizində yerləşən Atokos İtaka, Lefkada və Kefaloniya adalarının arasındadır.

Təxminən 4,5 kvadratkilometr ərazisi olan adanın daimi sakinləri yoxdur. Buraya yalnız su yolu ilə çatmaq mümkündür.

Ada xüsusi mülkiyyətdə olsa da, yaxtalar yerli körfəzlərə daxil ola bilir. Buna görə Atokos İon dənizində səyahət edənlərin maraqlı dayanacaqlarından birinə çevrilib.

Adanın məşhurları qara donuzlardır

Atokos qiymətli təbiət ərazilərinin və canlı növlərinin qorunduğu Avropanın “Natura 2000” şəbəkəsinə daxildir. Ağ qayalar, Aralıq dənizi bitkiləri və sahilə doğru uzanan körfəzlər adanın mənzərəsini formalaşdırır.

Lakin turistlərin ən çox diqqətini çəkən məhz donuzlardır. Onlar sahil boyunca gəzir, daşların arasında yem axtarır, isti havalarda isə dənizə girərək istirahətçilərin yanında üzürlər.

Ağ qayalar və mavi su fonunda çəkilən bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Bundan sonra Atokosu “donuzlar adası” adlandırmağa başlayıblar. Bəzi səyahətçilər üçün çimərliyin bu qeyri-adi sakinləri ilə qarşılaşmaq səfərin ən çox gözlənilən anına çevrilib.

Şəffaf suyu və ağ qayaları ilə seçilən körfəzlər

“One House Bay” körfəzində kiçik buxtanı yaşıllıqla örtülü dik yamaclar əhatə edir. Dənizin dibindəki açıq rəngli daşlar suyun rəngini daha parlaq göstərir. Sahildə firuzəyi görünən su dərinləşdikcə tünd mavi rəng alır.

Körfəzin adı suyun yaxınlığında yerləşən tək evlə bağlıdır. Bu ev, demək olar ki, tikililərin olmadığı mənzərədə dərhal nəzərə çarpır.

Adanın digər hissəsindəki “cliff bay” körfəzi isə dənizə doğru şaquli enən hündür ağ qayalarla əhatələnib. Suyun şəffaflığı buranı üzməyi və sualtı aləmi maska ilə izləməyi sevənlər üçün cəlbedici edir.

Yaxınlıqdakı adalarda nə görmək olar?

Atokos səfərini qonşu adalara səyahətlə birləşdirmək mümkündür. Yaxınlıqdakı İtaka mifoloji qəhrəman Odisseyin vətəni kimi tanınır. Ada kiçik limanları, mənzərəli körfəzləri və sakit yaşayış məntəqələri ilə seçilir.

Lefkada adasında Porto-Katsiki və Eqremni çimərlikləri məşhurdur. Kefaloniya isə Mirtos çimərliyi, yeraltı gölü olan Melissani mağarası və liman ətrafındakı qədim tikililəri ilə seçilən Fiskardo qəsəbəsi ilə turistləri cəlb edir.

donuz turist ada istirahət

Mənbə: lent.az

Xəbər lenti