IMG-LOGO

Hakimin ölümünə səbəb olan sürücü ilə bağlı YENİ QƏRAR

17 Sep 2026 12:47 2 baxış
IMG
1 0

Bakı Apellyasiya Məhkəməsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı təqsirləndirilən Nuran Abdurrahmanovun cinayət işi üzrə zərərçəkənin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesində qərar elan olunub.

Lent.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuran Abdurahmanovun hüquqlarını müdafiə edən vəkil çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin cəzasının yüngül cəza ilə əvəz edilməsini məhkəmədən istəyib.

Zərərçəkənin hüquqi varisinin hüquqlarını müdafiə edən vəkil təqsirləndirilən şəxsə 6 il müddətinə cəza təyin edilərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirib. 

Zərərçəkənin hüquqi varisi təqsirləndirilən Nuran Abdurahmanova ehtiyyatsızlıqdan cəza verilməsinin əleyhinə olduğunu məhkəməyə bildirib:

"Öldürən də, ölən də ədalət axtarır. Mən həqiqət axtarıram. Abdurahmanov ona verilən cəzanı çox hesab edir. Mən doqquz aydır ki, övladımın məzarını ziyarət edə, onun ölümünü qəbullana bilmirəm, odsuz-ocaqsız yanıram. İlkin məhkəmədəki son sözündə Nuran qalxıb dedi ki, mənim himayəmdə qoca ata-atam, övladlarım var, buna görə cəzamı yüngülləşdirin. Bu sözü deyəndə düşünmədi ki, Aynurənin də dərddən ürəyi çürüyən qoca anası, anasız qalan balaları var. Əgər Nuran olanların əfvi yoxdur, mənə hansı cəzanı verirsinizsə, çəkməyə hazıram desəydi, inanın ki, mən onu bağışlayardım. Mən istintaqın gedişatından da çox narazıyam, ətraflı araşdırmadılar. Axı necə bu qənaətə gəldilər ki, qəza təsadüfən olub? Mənim qızım ağır cinayətlər məhkəməsinin hakimi idi, mürəkkəb işlər aparırdı. Onun ölümünün təsadüf olmadığını düşünürəm".

Qısa müşavirədən sonra məhkəmə tərkibi ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanıldığını elan edib.

Xatırladaq ki, hadisə 22 dekabr 2025-ci ildə Pirşağı-Novxanı yolunun Görədil bağlar massivi ərazisində baş verib.

Nuran Abdurahmanov idarə etdiyi "Samand Soren" markalı avtomobillə Yadigar Babayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobil toqquşub. Nəticədə "Nissan Sunny" markalı avtomobilin sərnişini Aynurə Rzayevanın ağır xəsarətlər alaraq ölüb. Sürücü Yadigar Babayev qəza nəticəsində ağır bədən xəsarətləri alsa da, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanılıb, Nuran Abdurahmanov Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Bu il iyulun 10-da Binəqədi rayon Məhkəməsi Nuran Abdurahmanovun 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxuyub.

Qeyd edək ki, qəza nəticəsində həyatını itirən Aynurə Rzayeva şəhid övladı olub. Onun atası Rzayev Tapdıq Köçəri oğlu Ermənistanın Azərbaycana qarşı işğalı zamanı Kərkicahan uğrunda gedən döyüşlərdə şəhid olub.

Hadisələr yol qəzası piyada hakim cinayət işləri məhkəmə işləri məhkəmə qərarları

Mənbə: lent.az

Xəbər lenti