Təyyarə ilə uçmaqdan təxminən hər altı nəfərdən biri qorxur. Lakin yeni araşdırma göstərib ki, sərnişinlər üçün əslində yerdə hərəkət etmək daha təhlükəli ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər müxtəlif nəqliyyat növlərində ölüm riskini müqayisə ediblər.
Nəticələr göstərib ki, eyni məsafə nəzərə alındıqda avtomobil və ya yük maşını ilə səfər kommersiya təyyarəsi ilə uçuşdan 626 dəfə daha təhlükəlidir.
Embri-Riddl Aeronavtika Universitetinin tədqiqatçıları 2016-2025-ci illərdə ABŞ kommersiya aviasiyasında ölüm halları ilə bağlı məlumatları araşdırıblar. Bu göstəricilər digər nəqliyyat vasitələri, həmçinin bəzi istirahət növləri, məişət və peşə riskləri ilə müqayisə edilib.
Araşdırmaya daxil edilən əsas nəqliyyat növləri arasında kommersiya aviasiyası ən təhlükəsiz vasitə olub.
Təyyarə ilə uçuş zamanı ölüm riski “1” olaraq qəbul edildikdə, avtomobillə səfərdə bu göstərici 626, bütün avtomobil nəqliyyatı üzrə 674, qatarla səfərdə isə 239 olub.
Motosikletlə hərəkət daha təhlükəli hesab edilib. Bu halda ölüm riski kommersiya təyyarəsi ilə uçuşdan 22 279 dəfə yüksək olub.
Velosiped sürərkən risk təyyarə ilə müqayisədə təxminən 12 min dəfə, şəhərlərarası avtobusla səfərdə isə təxminən 9 dəfə yüksək qiymətləndirilib.
Alimlər hava nəqliyyatını bəzi aktiv istirahət növləri ilə də müqayisə ediblər.
Xizək və snoubord zamanı ölüm riski təyyarə uçuşundan 73 dəfə, dayvinq zamanı 180 dəfə, marafonda iştirak edərkən 202 dəfə, paraşütlə tullanarkən isə 422 dəfə yüksək olub.
Tədqiqat müəllifləri qeyd edirlər ki, insanların nəqliyyat təhlükəsizliyi ilə bağlı təsəvvürləri çox vaxt real statistikadan deyil, nadir baş verən faciələrin yaratdığı emosional təsirdən formalaşır.
Təyyarə qəzaları mediada geniş işıqlandırıldığı üçün insanlarda uçuşların xüsusilə təhlükəli olması barədə davamlı təsəvvür yarana bilər. Halbuki avtomobil qəzaları kimi daha geniş yayılmış ölüm və xəsarət səbəbləri daha az diqqət çəkir.
Alimlərin sözlərinə görə, heç bir fəaliyyət tamamilə risksiz deyil. Bununla belə, ABŞ-da kommersiya aviasiyası yüksək səviyyədə tənzimlənən və təhlükə göstəricisinin son dərəcə aşağı olduğu nəqliyyat sistemidir.
Araşdırmanın nəticəsinə görə, müasir kommersiya aviasiyası avtomobillə hərəkətdən qat-qat təhlükəsiz olmaqla yanaşı, ümumilikdə insan həyatı üçün ən aşağı riskli fəaliyyət növlərindən biri hesab olunur.
təyyarə avtomobil səyahət təhlükəMənbə: lent.az