IMG-LOGO

LG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər – ŞOK ARAŞDIRMA

11 Sep 2026 17:23 3 baxış
IMG
0 0

LG markalı bəzi ağıllı televizorların ekran söndürüldükdən və cihaz gözləmə rejiminə keçirildikdən sonra da istifadəçilər haqqında müəyyən məlumatları toplamağa davam etdiyi iddia olunur. Potensial olaraq problemin yüz milyonlarla cihazı əhatə edə biləcəyi bildirilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Gamers Nexus” texnobloqunun müstəqil kibertəhlükəsizlik mütəxəssisləri ilə birlikdə apardığı araşdırmada bəzi LG televizorlarının internet bağlantısı olmadığı halda belə məlumatları lokal yaddaşda saxlaya və şəbəkəyə yenidən qoşulduqdan sonra ötürə bildiyi iddia edilib.

Mütəxəssislər televizorların şəbəkə trafikini təhlil edərək cihazların lokal şəbəkədə olan digər qurğular – smartfonlar, ağıllı saatlar və başqa cihazlar barədə məlumat toplaya bildiyini müəyyənləşdirdiklərini bildiriblər.

Araşdırmada televizorların yaxınlıqdakı “Wi-Fi” şəbəkələri, onların siqnal səviyyəsi və müxtəlif IP ünvanları barədə də məlumat topladığı qeyd olunub.

Ən ciddi narahatlıq doğuran məqam isə televizorlardakı mikrofonlarla bağlıdır. Araşdırma müəlliflərinin iddiasına görə, bəzi cihazlar ekran söndürüldükdən və gözləmə rejiminə keçirildikdən sonra belə səs məlumatlarını qeydə ala bilər.

İnternet bağlantısının kəsilməsi də bu prosesi mütləq dayandırmaya bilər. Bildirilir ki, cihaz bəzi məlumatları öz yaddaşında saxlayaraq internet bağlantısı bərpa olunduqdan sonra ötürə bilər.

“Gamers Nexus”un məlumatına əsasən, səsli idarəetmə funksiyasının proqram təminatı vasitəsilə söndürülməsi mikrofonun fiziki olaraq tam deaktiv edildiyi anlamına gəlməyə bilər. Məhz bu məqam televizor gözləmə rejimində olduqda hansı funksiyaların aktiv qalması ilə bağlı suallar yaradıb.

LG bu qədər məlumatı niyə toplayır?

Araşdırmada bunun mümkün səbəblərindən biri kimi LG-nin reklam sistemi göstərilir. Şirkət ACR – “Automatic Content Recognition”, yəni avtomatik məzmun tanıma texnologiyasından istifadə edir.

Bu texnologiya televizor ekranında göstərilən və ya səsucaldıcılar vasitəsilə yayımlanan məzmunu müəyyənləşdirə bilir. Toplanan məlumatların hədəflənmiş reklamların hazırlanması üçün istifadə oluna biləcəyi qeyd edilir.

Məlumata görə, dünyada internetə qoşulmuş təxminən 216 milyon LG televizoru var. Televizorların lokal şəbəkədə aşkar edə bildiyi digər cihazlar da nəzərə alındıqda potensial məlumat əhatəsinin daha geniş ola biləcəyi vurğulanır.

Təkcə ABŞ-da araşdırmaçılar bu sistemin potensial olaraq 363 milyona yaxın cihazla əlaqəli məlumatlara çıxış imkanının ola biləcəyini bildiriblər.

“Gamers Nexus” LG-nin reklam bölməsinin marketinq materiallarında istifadə edilən “We own the glass” – “Ekran bizə məxsusdur” ifadəsinə də diqqət çəkib.

Məlumatların toplanmasını minimuma endirmək üçün mütəxəssislər “Smart TV”nin birbaşa internet bağlantısının kəsilməsini və striminq xidmətləri üçün ayrıca media qurğusundan istifadə edilməsini tövsiyə edirlər.

Bununla belə, bu üsul televizorun şəbəkə funksiyalarını məhdudlaşdırsa da, məxfiliklə bağlı bütün riskləri tam aradan qaldırmaya bilər.

LG Televizor

Mənbə: lent.az

Xəbər lenti