Avropa Mərkəzi Bankı (AMB) yeni avro əsginaslarının hazırlanmasında həlledici mərhələyə keçib. Bank finala qalan 10 dizayn layihəsini təqdim edib. Hazırda layihələrlə bağlı Avropa sakinləri arasında keçirilən sorğu yekunlaşmaq üzrədir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hər layihə 5 avrodan 200 avroyadək nominalları əhatə edən tam əsginas seriyasından ibarətdir.
Dizaynlar iki əsas mövzu üzərində qurulub: “Avropa mədəniyyəti və elmi” və “Çaylar və quşlar”.
Birinci qrupa Nobel mükafatı laureatı Mariya Sklodovskaya-Kürinin təsviri olan 20 avroluq əsginas daxildir. Həmçinin Mariya Kallas, Lüdviq van Bethoven, Migel de Servantes, Leonardo da Vinçi və Berta fon Zuttnerin portretlərinin əks olunduğu variantlar təklif edilib. Bu şəxslərin təsvirləri incəsənət, musiqi, təhsil, ədəbiyyat və elmlə bağlı elementlərlə tamamlanır.
İkinci qrupdakı dizaynlarda Avropanın çayları, quşları və səciyyəvi mənzərələri təsvir olunur. Bu mövzu təbiətin müxtəlifliyini və davamlılığını simvolizə etməlidir. Əsginasların arxa tərəfində isə Avropa institutlarının təsvirləri yerləşdirilib.
AMB prezidenti Kristin Laqard bildirib ki, avro əsginasları sadəcə ödəniş vasitəsi deyil, həm də Avropanın ən konkret və görünən rəmzlərindən biridir. Onun sözlərinə görə, gözəlliyi dərin məna ilə birləşdirən dizayn ortaq kimliyi gücləndirəcək.
Yeni əsginaslar nə vaxt dövriyyəyə buraxılacaq?
AMB-nin İdarəetmə Şurasının yeni əsginasların dizaynı barədə yekun qərarı ilin sonunda qəbul edəcəyi gözlənilir. Qərar dizayn müsabiqəsinin münsiflər heyətinin rəyi, texniki qiymətləndirmə və hər iki ictimai rəy sorğusunun nəticələri əsasında veriləcək.
Seçilən layihələr daha sonra təkmilləşdiriləcək və istehsala başlamazdan əvvəl sınaqlardan keçiriləcək. Yeni seriyanın növbəti illərdə dövriyyəyə buraxılması nəzərdə tutulur.
Bankın açıqlamasına görə, əsginas seriyalarının vaxtaşırı yenilənməsi saxtakarlığa qarşı mübarizədə texnoloji yeniliklərdən istifadə etməyə imkan verir. Yeni əsginaslarda daha təkmil mühafizə elementləri olacaq. Bu, pulların həqiqiliyini yoxlamağı asanlaşdıracaq və görmə məhdudiyyəti olan insanların istifadəsi üçün əlverişliliyi artıracaq.
AMB əsginasların ətraf mühitə mənfi təsirini azaltmağı da hədəfləyir. Bunun üçün onların daha davamlı hazırlanması, ekoloji baxımdan daha uyğun materiallardan və istehsal üsullarından istifadə edilməsi planlaşdırılır.
Hazırkı əsginaslar qüvvədə qalacaq
AMB bildirir ki, hazırda istifadə olunan avro əsginasları yeni seriya ilə paralel dövriyyədə qalacaq. Köhnə əsginaslar dövriyyədən tədricən çıxarılacaq.
Bu, avronun 2002-ci ildə nağd dövriyyəyə buraxılmasından sonra əsginasların dizaynının ilk tam dəyişdirilməsi olacaq.
20 avroluq əsginas mübahisəyə səbəb olub
Avro əsginaslarının daha cəlbedici və asan tanınan olması üçün dizaynının dəyişdiriləcəyi barədə məlumat 2025-ci ilin yanvarında yayılıb.
Həmin ilin iyulunda isə dizayn variantlarından biri Polşa ilə Fransa arasında fikir ayrılığına səbəb olub. Mübahisə 20 avroluq əsginasda təsviri nəzərdə tutulan ikiqat Nobel mükafatı laureatı Mariya Sklodovskaya-Kürinin adının necə yazılması ilə bağlı olub.
Avro əskinas pul EuroMənbə: lent.az