Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan "Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, "Taxes Group" MMC-nin direktoru və "Loft Dent" klinikasının rəhbəri Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yangın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub. O, "iVolt" brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən "Azərişıq" ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri çəkdirib.
2025-ci il noyabrın 21-də saat 19 radələrində həmin elektrik xətlərində normadan artıq yükə görə qısaqapanma baş verib. Nəticədə əmələ gələn qığılcım yaxınlıqdakı tezalışan materiallara keçərək binanın kommunikasiya şaxtası boyunca yuxarı mərtəbələrə doğru sürətlə yayılıb və binanı tüstü bürüyüb.
Faciə ilə nəticələnən yanğın zamanı binadan çıxmağa çalışan sakinlərdən 3 nəfər - Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova kəskin tüstüdən zəhərlənərək, hadisə yerində həyatlarını itiriblər. Hadisə zamanı 7 nəfər ağır olmaqla, ümumilikdə 25 sakin müxtəlif dərəcəli xəsarətlər alıb.
Bununla yanaşı, yanğın nəticəsində yaşayış binasının lift infrastrukturu, elektrik xətləri, kommunikasiya sistemləri və mənzillərə dəymiş ziyan da daxil olmaqla, vətəndaşlara və əmlak sahiblərinə ümumilikdə 419 min 382 manat məbləğində maddi ziyan dəyib. Bəhruz Paşayev zərərçəkənlərdən üzr istəyib. O, özünü bu əməldən təqsirli bilib.
Növbəti proses oktyabrın 7-nə təyin edilib.
Xatırladaq ki, 2025-ci ilin noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib. Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib. Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225.3-cü maddəsi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə məsuliyyətə cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Bundan başqa digər vəfat edən Könül Hümbətova Bakı Milli Geyim Evinin rəhbəri olub.
Qeyd edək ki, həmin yanğında ölənlərdən biri də "Milli Geyim Evi"nin rəhbəri Könül Vəlibəyli idi.
Hadisələr məhkəmə yasamaldakı yanğınMənbə: lent.az