2000-ci illərin romantik komediyaları qısa süjeti, təsadüfi tanışlıqları, sevgi macəraları və yumoru ilə bu gün də maraqla izlənilir. Bu cür filmlər asudə vaxtlarınızı dəyərləndirmək üçün ideal seçim hesab olunur.
Lent.az sözügedən illərin 7 romantik komediyasını təqdim edir.
“New in Town”
Uğurlu karyerası və Mayamidəki həyatına alışmış Lüsi işi ilə əlaqədar Minnesotanın kiçik və qarlı şəhərlərindən birinə göndərilir. Əvvəlcə tapşırığını mümkün qədər tez başa vurub geri dönmək istəyən qadının planları yerli sakinlər və Tedlə tanışlıqdan sonra dəyişir.
“Failure to Launch”
30 yaşını keçən Tripp hələ də valideynlərinin evindən köçmək niyyətində deyil. Bundan bezən valideynləri oğullarını müstəqil həyata sövq etmək üçün bir qadın tuturlar. Plan Trippin ona həqiqətən aşiq olması ilə tamam başqa istiqamətə yönəlir.
“What Happens in Vegas”
Coy və Cek Las-Veqasda təsadüfən tanış olur və əyləncəli gecənin ardından evləndiklərini anlayırlar. Onlar ayrılmaq istəsələr də, böyük məbləğdə pul uduşu buna mane olur. Hər ikisinin pula iddia etməsi cütlüyü bir müddət ər-arvad kimi yaşamağa məcbur edir.
“Something's Gotta Give”
Subay həyatından razı olan Harri yalnız özündən xeyli gənc qadınlarla münasibət qurur. Səhhətində yaranan problem isə onu sevgilisinin anası Erika ilə bir müddət eyni evdə qalmağa məcbur edir. Əvvəlcə bir-birindən xoşlanmayan iki insan arasında zamanla gözlənilməz hisslər yaranır.
“Rumor Has It...”
Sara bacısının toyuna gəldikdən sonra ailəsi ilə bağlı illərdir gizli qalan sirrdən xəbər tutur. Həqiqəti öyrənmək üçün araşdırmaya başlayan Sara həm anasını, həm də nənəsini yaxından tanımış bir kişi ilə qarşılaşır. Ailə sirrinin izinə düşməsi isə onun öz şəxsi həyatını və hisslərini yenidən nəzərdən keçirməsinə səbəb olur.
“License to Wed”
Ben və Seydi evlənməyə hazırlaşırlar. Lakin toy mərasimindən əvvəl keşiş Frenkin təşkil etdiyi qeyri-adi nikaha hazırlıq kursundan keçməlidirlər. Qəribə tapşırıqlar cütlük arasında mübahisələrə səbəb olur və onlar birlikdə yaşamağa həqiqətən hazır olub-olmadıqlarını sorğulamağa başlayırlar.
“It's Complicated”
Ceynin yetkin övladları, sevdiyi işi və çoxdan geridə qoyduğu evliliyi var. Lakin keçmiş əri ilə təsadüfi görüş aralarındakı hissləri yenidən canlandırır. Məsələni çətinləşdirən isə keçmiş ərinin artıq evli olması və Ceynin eyni zamanda memar Adamla yaxınlaşmasıdır. Beləcə, ortaya əyləncəli sevgi üçbucağı çıxır.
film romantik komediya
Mənbə: lent.az