Bir çox sürücü USB portundan və ya alışqana qoşulan adapterdən istifadə edərək smartfonunu avtomobildə enerji ilə doldurur. Lakin bu zaman lazım olan enerjinin haradan gəldiyi barədə az adam düşünür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, telefonun enerji ilə doldurulması benzin sərfiyyatına həqiqətən təsir edir. Ancaq bu təsir o qədər cüzidir ki, sürücülər fərqi demək olar hiss etmirlər.
Telefonun enerji ilə doldurulması niyə benzin sərf edir?
Avtomobil işləyərkən smartfon üçün elektrik enerjisi generatordan alınır. Generator enerjini mühərrikdən əldə edir, mühərrik isə öz növbəsində yanacaq sərf edir. Buna görə texniki baxımdan avtomobilə qoşulan hər bir elektrik cihazı sistemə düşən yükü müəyyən qədər artırır. Lakin əsas məqam odur ki, telefon şarj cihazları çox az enerji sərf edir.
Adi avtomobil şarj cihazının gücü təxminən 5-15 vatt arasında dəyişir. Müqayisə üçün, avtomobilin kondisioneri minlərlə vatt enerji tələb edir. Hətta avtomobildəki bəzi işıq indikatorları belə telefon şarj cihazından daha çox elektrik sərf edə bilər.
Telefonu enerji ilə doldurmaq üçün nə qədər benzin sərf olunur?
Praktikada əlavə yanacaq sərfiyyatı, demək olar, nəzərə çarpmır. Hesablamalara əsasən, daim qoşulu qalan şarj cihazı avtomobilin yanacaq səmərəliliyini təxminən bir qallona 0,03 mil azalda bilər. Məsələn, avtomobil bir qallonda təxminən 20 mil yol gedirsə, telefon qoşulduqda bu göstərici cəmi 19,97 milə enir.
Beləliklə, uzunmüddətli səfərlər zamanı belə sürücü yanacaq sərfiyyatında ciddi fərq hiss etməyəcək. Kondisionerin işləməsi, sürücülük tərzi, sürət və avtomobilin texniki vəziyyəti yanacaq sərfiyyatına daha çox təsir göstərir.
Telefon avtomobilin akkumulyatorunu boşalda bilərmi?
Geniş yayılan fikirlərdən biri də telefonun enerji ilə doldurulmasının avtomobil akkumulyatorunu sürətlə boşaltmasıdır. Lakin avtomobil hərəkətdə olarkən bu, demək olar baş vermir. Generator eyni vaxtda avtomobilin elektron sistemlərini enerji ilə təmin edir, akkumulyatoru doldurur və qoşulan cihazlara elektrik ötürür.
Mühərrik söndürüldükdə isə vəziyyət dəyişir. Bu zaman telefon enerjini birbaşa avtomobilin 12 voltluq akkumulyatorundan alır. Telefonun bir neçə saat enerji ilə doldurulması adətən ciddi problem yaratmır. Ancaq köhnə akkumulyatoru olan və ya uzun müddət hərəkətsiz qalan avtomobillərdə risk arta bilər.
Mütəxəssislər bildirirlər ki, smartfonun avtomobildə müntəzəm şəkildə enerji ilə doldurulması nə yanacaq sərfiyyatına, nə də akkumulyatorun vəziyyətinə nəzərəçarpacaq təsir göstərir. Bununla belə, mühərrik söndürülmüş vəziyyətdə telefonu uzun müddət USB portuna qoşulu saxlamaq tövsiyə edilmir.
Texno smartfon maşınMənbə: lent.az