IMG-LOGO

Smartfonda təyyarə rejimi: Onu hər gün aktivləşdirsəniz, nə baş verər?

30 Jul 2026 16:41 3 baxış
IMG
18 0

Əksər smartfon istifadəçiləri təyyarə rejimindən yalnız uçuş zamanı istifadə edir. Lakin bu funksiya gündəlik həyatda da faydalı ola bilər. Onu bir neçə dəqiqəlik aktivləşdirmək simsiz bağlantıları sürətlə söndürməyə və bəzi rabitə problemlərini aradan qaldırmağa kömək edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə rejimi aktivləşdirildikdə smartfon mobil şəbəkə ilə əlaqəni dayandırır, adətən Wi-Fi və Bluetooth da sönür. Müasir cihazlarda isə təyyarə rejimindən çıxmadan Wi-Fi və ya Bluetooth-u ayrıca yenidən aktivləşdirmək mümkündür. Bu funksiyanın ən praktik üstünlüklərindən biri mobil rabitə problemlərinin həlli ilə bağlıdır.

Smartfon şəbəkəyə zəif qoşulursa, internet qəfil yavaşlayıbsa və ya zənglərdə kəsilmələr yaranıbsa, təyyarə rejimi simsiz bağlantını sürətlə yeniləyə bilər.

Bunun üçün rejimi qısa müddətə aktivləşdirib daha sonra söndürmək kifayətdir. Smartfon mobil şəbəkəni yenidən axtarmağa və əlaqə qurmağa başlayır. Bu üsul cihazı tam söndürüb-yandırmadan müvəqqəti şəbəkə nasazlığını aradan qaldıra bilər.

Təyyarə rejimi batareya sərfiyyatına da təsir göstərir. Mobil şəbəkənin zəif olduğu ərazilərdə telefon daim siqnal axtarır və əlaqəni qorumağa çalışır. Bu isə əlavə enerji sərfinə səbəb olur. Simsiz bağlantıların söndürülməsi həmin prosesi dayandırır və batareyanın daha gec tükənməsinə kömək edə bilər.

Eyni səbəbdən təyyarə rejimi telefonun enerji yığma müddətini bir qədər qısalda bilər. Bu xüsusilə cihaz qeyri-sabit siqnal olan ərazidə yerləşirsə nəzərə çarpır. Lakin şarj sürətində ciddi fərq gözləmək düzgün deyil. Nəticə telefonun modelindən, şarj cihazının gücündən və digər funksiyaların aktivliyindən asılıdır.

Təyyarə rejimi ictimai Wi-Fi şəbəkələrində də faydalı ola bilər. Aeroport, kafe, hotel və vağzallarda bu funksiya bütün simsiz bağlantıları bir toxunuşla söndürməyə imkan verir. Beləliklə, cihazın əvvəllər yadda saxlanmış şəbəkələrə avtomatik qoşulmasının qarşısı alınır.

Bundan başqa, təyyarə rejimi zənglərdən və əksər internet bildirişlərindən müvəqqəti uzaqlaşmağa kömək edir. İş, dərs və ya istirahət zamanı bir neçə dəqiqəlik rabitəsiz qalmaq diqqəti toplamaq və fasiləsiz məşğul olmaq üçün faydalı ola bilər.

Texno smartfon telefon təyyarə rejimi

Mənbə: lent.az

Xəbər lenti