Evdə Wi-Fi siqnalının zəif olması hər zaman internet provayderi və ya tariflə bağlı olmur. Mütəxəssislərin sözlərinə görə, problemin əsas səbəblərindən biri routerin yanlış yerdə yerləşdirilməsidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, istifadəçilərin çoxu cihazın gözə görünməməsi üçün onu otağın küncünə və ya televizorun arxasına qoyur. Lakin bu, simsiz siqnalın bərabər yayılmasına mane olur. Nəticədə internetin sürəti azalır və evin bəzi hissələrində siqnalın çatmadığı "ölü zonalar" yaranır. Mütəxəssislər routeri evin və ya mənzilin mümkün qədər mərkəzi hissəsində yerləşdirməyi tövsiyə edirlər.
Bu, Wi-Fi siqnalının bütün otaqlara daha bərabər yayılmasına kömək edir. Bundan başqa, routerin yaxınlığında iri metal əşyalar, akvarium və mikrodalğalı soba olmamalıdır. Bu cihazlar siqnala maneə yarada və internetin keyfiyyətini aşağı sala bilər. Routerin yerdən ən azı 1 metr hündürlükdə, məsələn, rəf və ya dolab üzərində yerləşdirilməsi də tövsiyə olunur.
2,4 GHz, yoxsa 5 GHz?
Mütəxəssislər routerin istifadə etdiyi tezlik diapazonuna da diqqət yetirməyi məsləhət görürlər. 2,4 GHz siqnalı daha uzaq məsafəyə çatır və divarlar kimi maneələri daha yaxşı keçir. 5 GHz isə daha yüksək internet sürəti təqdim etsə də, əhatə dairəsi daha kiçikdir və divarlardan keçərkən siqnal daha çox zəifləyir. Əgər internet uzaq otaqlarda zəifdirsə, 2,4 GHz diapazonundan istifadə etmək daha məqsədəuyğundur. Routerə yaxın məsafədə isə maksimum sürət üçün 5 GHz seçilə bilər.
Folqa həqiqətən kömək edirmi?
Bəzi istifadəçilər routerin arxasına alüminium folqa yerləşdirməklə siqnalı gücləndirməyə çalışırlar. Aparılan sınaqlardan birində folqa karton üzərinə bərkidilərək routerlə divar arasına qoyulub və yükləmə sürətinin 400 Mbit/s-dən 450 Mbit/s-ə qədər artdığı müşahidə edilib. Bununla belə, mütəxəssislər bildirirlər ki, routerin düzgün yerləşdirilməsi və uyğun tezlik diapazonunun seçilməsi internet keyfiyyətini artırmaq üçün ən təsirli üsullardır.
Texno Wi-Fi internetMənbə: lent.az