13–19 iyul tarixlərində Rusiyanın Kənd Təsərrüfatı Nəzarəti Xidmətinin (Rosselxoznadzor) Cənub Regionlararası İdarəsinin mütəxəssisləri 16 min tondan çox idxal məhsulunu yoxlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, qurum yeddi partiyada ümumilikdə 138 ton məhsulda karantin zərərvericiləri aşkar edildiyini iddia edərək həmin məhsulları məhv olunmağa göndərib.
Qurumun məlumatına görə, idxal olunan meyvələrin əsas hissəsi Türkiyədən gətirilib – 7,3 min ton. Azərbaycandan 871 ton, Özbəkistandan təxminən 815 ton, Misirdən isə 750 tona yaxın məhsul idxal olunub. İdxalın böyük hissəsini çəyirdəkli meyvələr təşkil edib. Belə ki, hər biri 2,3 min ton olmaqla ərik və nektarin gətirilib. Bundan əlavə, Krasnodar diyarına 872 ton üzüm və 778 ton qarpız daxil olub.
Lakin bütün məhsullar fitosanitar nəzarətdən keçə bilməyib. "Rosselxoznadzor" üç halda Azərbaycandan və Özbəkistandan gətirilən şaftalı və nektarinlərdə şərq meyvə güvəsi tapdığını iddia edib. Qeyd olunub ki, daha iki halda Türkiyədən idxal olunan qarpızlarda çoxyeyən donqar milçək müəyyən olunub. Həmçinin Türkiyə mənşəli nektarin və şaftalılarda iki dəfə Aralıq dənizi meyvə milçəyi qeydə alınıb.
Təhlükəli zərərvericilərin mövcudluğu Novorossiyskdə fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Elmi-Tədqiqat İnstitutu (VNIIKR) və Krasnodar filialı Ümumrusiya Heyvan Sağlamlığının Mühafizəsi Elmi-Tədqiqat İnstitutu (VNIIZJ) tərəfindən təsdiqlənib.
Beləliklə, "Rosselxoznadzor"un tapdığı "xəstəliklərə" görə ümumilikdə 138 ton məhsulun hamısı zərərsizləşdirilməyə göndərilib.
Hadisələr Rusiya Azərbaycan Azərbaycan meyvələri xəstəlik iqtisadiyyat xəbərləriMənbə: lent.az