Ankarada otellərdən birinin masaj və sağlamlıq mərkəzindəki xüsusi otaqlarda əxlaqsızlıqla məşğul olduqları və buna vasitəçilik etdikləri müəyyənləşdirilən şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun Ailənin Müdafiəsi və Cinsi Toxunulmazlığa Qarşı Cinayətlərin İstintaqı Bürosu şəhərdə əxlaqsızlıqla məşğul olan və buna vasitəçilik edən şəxslərin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlayıb.
Şifrəli danışaraq görüş təyin ediblər
Araşdırma çərçivəsində fəaliyyət göstərən Ankara Polis İdarəsinin İctimai Asayiş Şöbəsinin Əxlaq Bürosunun əməkdaşları bəzi obyektlərdə “masaj”, “xüsusi terapiya” və “sağlamlıq mərkəzi” adı altında əxlaqsızlıq təşkil edildiyini müəyyənləşdiriblər.
Şübhəlilərin internetdə reklam yerləşdirdikləri, müştərilərlə telefon danışığı zamanı isə şifrəli ifadələrdən istifadə edərək görüş təyin etdikləri üzə çıxıb.
Obyektlər möhürlənib
Müxtəlif ünvanlarda eyni vaxtda keçirilən əməliyyatlar zamanı 10 şübhəli saxlanılıb. Qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilən obyektlərə inzibati cərimələr tətbiq olunub. Həmin iş yerləri möhürlənərək fəaliyyətləri dayandırılıb.
HadisələrMənbə: lent.az