IMG-LOGO

Apple-ın keçmiş əməkdaşı az adamın bildiyi sirri açıqladı

22 Jul 2026 15:58 2 baxış
IMG
4 0

Minlərlə istifadəçi batareyanın zəifləməsinə görə iPhone-u yenisi ilə əvəz edir. Halbuki bu problemi əksər hallarda daha ucuz yolla həll etmək mümkündür. Apple-ın keçmiş əməkdaşı smartfonun performansına həqiqətən təsir edən məqamları açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple-ın keçmiş əməkdaşı Tayler Morqan bildirib ki, iPhone sahiblərinin çoxu batareyanın zəifləməsi səbəbindən yeni telefon almağa tələsməməlidir. Onun sözlərinə görə, əksər hallarda sadəcə batareyanın dəyişdirilməsi və ya bir neçə sadə ayarın edilməsi cihazın sürətini və işləmə müddətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Morqan qeyd edib ki, bir çox istifadəçi üçün cihazın ömrünü uzatmağın ən effektiv yolu batareyanı dəyişdirməkdir. Onun sözlərinə görə, Apple-da bu xidmətin qiyməti təxminən 80 dollardır. AppleCare abunəliyi olan istifadəçilər isə batareyanın maksimal tutumu 79 faiz və ya daha aşağı düşdükdə onu ödənişsiz dəyişdirə bilərlər. Keçmiş Apple əməkdaşı texniki bacarığı olan istifadəçilərin batareyanı özlərinin də dəyişə biləcəyini bildirib. Bunun üçün Apple peşəkar alətlər və ətraflı təlimatdan ibarət xüsusi dəst təqdim edir. Həmin dəsti bir həftəlik icarəyə götürmək 49 dollara başa gəlir. Morqan batareyanın dəyişdirilməsi ilə yanaşı, telefonun ayarlarının optimallaşdırılmasını da tövsiyə edib. Onun fikrincə, enerjiyə qənaət etməyin ən sadə və pulsuz yolu tətbiqlərin fon rejimində yenilənməsini söndürməkdir. Bu funksiya proqramların açılmadığı halda belə məlumatları yeniləməsinə imkan verir ki, bu da batareyanın daha tez tükənməsinə səbəb ola bilər. Bunun üçün "Ayarlar" - "Ümumi" - "Fon rejimində tətbiqlərin yenilənməsi" bölməsinə daxil olmaq lazımdır. Burada funksiyanı tamamilə söndürmək, yalnız Wi-Fi vasitəsilə aktiv saxlamaq və ya ayrı-ayrı tətbiqlər üçün fərdi seçim etmək mümkündür. Morqanın sözlərinə görə, bu xüsusilə ehtiyat nüsxəsi yeni iPhone-a köçürüldükdən sonra faydalıdır. Çünki məlumatlar bərpa edildikdən sonra bir çox tətbiq istifadəçinin onlardan yararlanmasa belə, fon rejimində sinxronizasiyaya başlayır. Bundan əlavə, o, tünd rəngli divar kağızlarından istifadə etməyi, ekranın parlaqlığını azaltmağı və daha uzun batareya ömrü əldə etmək üçün lazım gəldikdə avtomatik parlaqlıq tənzimlənməsi ilə True Tone funksiyasını söndürməyi məsləhət görür. Keçmiş Apple əməkdaşı həmçinin smartfonun həddindən artıq qızmasının qarşısını almağı, cihazı 100 faiz dolduqdan sonra uzun müddət şarjda saxlamamağı və birbaşa günəş şüaları altında qoymamağı tövsiyə edir. Onun digər məsləhəti isə şarj rejimi ilə bağlıdır. Morqan mümkün olduqda batareyanın enerji səviyyəsini 20-80 faiz arasında saxlamağı, cihazı daim 100 faizə qədər doldurmamağı və tam boşalmamasına çalışmağı tövsiyə edir. O xatırladıb ki, iPhone modellərində batareyanın ömrünü qorumaq üçün maksimal şarj səviyyəsini avtomatik məhdudlaşdıra bilən daxili funksiyalar artıq mövcuddur. Morqanın fikrincə, köhnə iPhone modellərinin sahibləri yeni iOS versiyalarını quraşdırmağa da tələsməməlidirlər. Onun sözlərinə görə, yeni sistem yeniləmələri ilk növbədə son nəsil cihazlar üçün optimallaşdırılır. Buna görə də köhnə modellər bu yeniləmələri dəstəkləsə belə, əvvəlki qədər sürətli və səmərəli işləməyə bilər.

 

Texno iPhone Apple iOS

Mənbə: lent.az

Xəbər lenti