Həqiqi hadisələr əsasında çəkilən filmlər hər zaman xüsusi maraq doğurur. Çünki onların arxasında real insan taleləri və tarixə düşən hadisələr dayanır. Bu ekran əsərləri tamaşaçını təkcə təsirləndirmir, həm də tanınmış şəxsiyyətlərə və mühüm tarixi hadisələrə yeni baxış bucağı qazandırır.
Lent.az həqiqi hadisələr əsasında çəkilmiş, həm tamaşaçıların, həm də tənqidçilərin yüksək qiymətləndirdiyi filmləri təqdim edir.
"1+1" (Intouchables)
Fransa istehsalı olan bu məşhur dram-komediya real hadisələrdən ilhamlanaraq çəkilib. Film ağır qəza nəticəsində əlil arabasına məhkum olan varlı Filip və keçmişi problemlərlə dolu baxıcısı Drissin dostluq hekayəsindən bəhs edir.
Tamamilə fərqli dünyaların insanları olsalar da, zaman keçdikcə aralarında sarsılmaz dostluq yaranır. Film insanlıq, dəstək və həyat eşqi barədə təsirli mesaj verir.
"The Pursuit of Happyness"
Film amerikalı sahibkar Kris Qardnerin həyat hekayəsi əsasında çəkilib.
Baş qəhrəman kiçik oğlunu tək böyüdür, işsiz qalır, maddi çətinliklərlə üzləşir və hətta evsiz yaşayır. Lakin o, bütün çətinliklərə baxmayaraq arzularından keçmir və uğur qazanmaq uğrunda mübarizəsini davam etdirir.
Bu ekran əsəri iradə, əzm və özünəinam haqqında ilhamverici hekayədir.
"Hachi: A Dog's Tale"
Film Yaponiyada baş vermiş məşhur hadisəyə əsaslanır.
Professor təsadüfən itmiş Akita cinsindən olan bir it tapır və onu sahiblənir. Onların arasında güclü bağlılıq yaranır. Professor vəfat etdikdən sonra isə Haçiko doqquz il ərzində hər gün dəmiryolu vağzalına gələrək sahibini gözləyir.
Bu hekayə Haçikonu bütün dünyada sədaqətin rəmzinə çevirib.
"Arthur the King"
Film 2014-cü ildə Ekvadorda keçirilən macəra marafonu zamanı baş vermiş real hadisələrə əsaslanır.
Yarış zamanı idmançılar arasına halsız və yaralı küçə iti qoşulur. Ona Artur adı verilir. İt komanda ilə birlikdə yüzlərlə kilometr qət edərək onların ayrılmaz dostuna çevrilir.
Arturun hekayəsi sonradan bütün dünyada məşhurlaşıb və bu filmin çəkilməsinə ilham verib.
"The Wolf of Wall Street"
Film bir vaxtlar ABŞ-nin ən məşhur birja brokerlərindən biri olan Cordan Belfortun həyatından bəhs edir.
Qısa müddətdə milyonlarla dollar qazanan Belfort dəbdəbəli həyat tərzi və maliyyə fırıldaqları ilə tanınır. Lakin onun sürətli yüksəlişi hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir və nəticədə böyük qalmaqalla başa çatır.
"Catch Me If You Can"
Film XX əsrin ən məşhur dələduzlarından biri hesab edilən Frenk Abiqneylin həyat hekayəsinə əsaslanır.
O, hələ gənc yaşlarında özünü pilot, həkim və hüquqşünas kimi təqdim edərək saxta sənədlərlə milyonlarla dollar dəyərində dələduzluq törədirdi. Eyni zamanda, illərlə FTB agenti onun izinə düşərək cinayətlərinə son qoymağa çalışırdı.
"Oppenheimer"
Film İkinci Dünya müharibəsi illərində ilk atom bombasının hazırlanmasına rəhbərlik edən amerikalı fizik Robert Oppenheymerin həyatından bəhs edir. Ekran əsərində Manhetten layihəsi, alimin üzərinə düşən böyük məsuliyyət və bu kəşfin bəşəriyyət üçün doğurduğu ağır mənəvi nəticələr təsvir olunur.
"Təqlid oyunu" (The Imitation Game)
Film britaniyalı riyaziyyatçı Alan Türinqin həyatından bəhs edir. İkinci Dünya müharibəsi zamanı Türinq və komandası Almaniyanın məşhur "Enigma" şifrələmə sistemini sındırmağa çalışır. Onların fəaliyyəti müharibənin gedişinə ciddi təsir göstərir.Eyni zamanda film alimin elmi nailiyyətləri ilə yanaşı, şəxsi həyatında üzləşdiyi çətinlikləri də tamaşaçıya təqdim edir.
film real hadisə süjet aktyor aktrisa kinoMənbə: lent.az