IMG-LOGO

Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - Asim Mollazadə

15 Sep 2026 19:31 2 baxış
IMG
3 0

Lent.az Milli Məclisin deputatı Asim Mollazadənin APA-ya müsahibəsini təqdim edir

- Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanda ciddi reaksiyaya səbəb olub. Ermənistan cəmiyyətinin bu münasibətini necə qiymətləndirirsiniz?

- Ermənistan cəmiyyətinin diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiyalar Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir.

- Bu reaksiyanı Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirmək olarmı?

- Əlbəttə, bu, Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatlarını Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir? Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura son səfəri bir daha göstərir ki, onların təmsil etdikləri ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir və bu reallığı qəbul edirlər.

- Ermənistan tərəfinin reaksiyasında tarixi və mədəni irslə bağlı məsələlər də ön plana çıxarılır. Onlar guya erməni irsi olan abidələrin albanlaşdırıldığını iddia edirlər. Ermənistanın Gəncəsər və Xudavəng abidələrini erməni irsi kimi təqdim etməsini necə qiymətləndirirsiniz?

- Burada ciddi ziddiyyət var. Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir? Belə bir narrativ formalaşdırılır ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, amma müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır. Ermənistanın, ümumiyyətlə, Qafqaz Albaniyası irsinə belə münasibəti irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı faktiki olaraq irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür.

Azərbaycanın ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur və dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

- Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğu sirr deyil. Siz əvvəlki müsahibələrinizdə də bu qüvvələrin yalnız müxalifətlə əlaqəli olmadığını demisiniz. Nəyə əsaslanırsınız?

- Bəli, Ermənistan daxilində revanşist qüvvələr var. Lakin onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan məlumatlar və aparılan kampaniyanın arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Bir çox paylaşımların və yazıların məhz hakim partiyaya yaxın resurslarda yayımlanması bunu göstərir. Bir yandan hakimiyyət publikaya və beynəlxalq ictimaiyyətə oynayır ki, guya əvvəlki hakimiyyətlərin səhvini təkrarlamır. Digər tərəfdən də, əl altdan müəyyən qüvvələri revanşa hazır vəziyyətdə saxlayır.

- Yəni hesab edirsiniz ki, bu, sadəcə, Ermənistan cəmiyyətində spontan narazılıq deyil, müəyyən siyasi istiqamətləndirmə də var?

- Bəli. Son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır. Bu kampaniyanın Ermənistan hakimiyyətinin dəstəyi və ya dirijorluğu ilə aparıldığı görünür. Ona görə də məsələyə yalnız ayrı-ayrı revanşist qüvvələrin fəaliyyəti kimi baxmaq düzgün olmaz.

- Ermənistan parlamentinin sədri Ruben Rubinyanın mövzu ilə bağlı açıqlamasını necə qiymətləndirirsiniz?

- Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə müdaxilədir. Ermənistan tərəfi anlamalıdır ki, söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən gedir və burada xarici diplomatların səfərinə münasibət bildirmək, xüsusilə də buna etiraz etmək Ermənistanın səlahiyyətində deyil.

- Sentyabrın 14-də Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il döyüşlərində həlak olan hərbçilərin bir dəqiqəlik sükutla yad edilməsi də diqqət çəkdi. Sizcə bu addım nəyə xidmət edir?

- Həmin addım da revanşizm əhval-ruhiyyəsinin yüksəldilməsinə xidmət edən hərəkət kimi qiymətləndirilə bilər. 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə baş verən döyüşlər Ermənistanın hərbi təxribatları nəticəsində yaranmışdı və Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı. Belə bir hadisənin siyasi müstəvidə məhz bu formada qabardılması revanşist əhval-ruhiyyəni gücləndirə bilər.

- Bütün bunların fonunda Ermənistanın sülh prosesinə yanaşmasını necə qiymətləndirirsiniz?

- Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki olaraq Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin, sadəcə olaraq, sülhə getməkdən başqa yolu qalmamışdı.

Lakin Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımların kampaniya xarakteri daşıması Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.

- Sizcə, Ermənistandakı bu ritorika Azərbaycan-Ermənistan arasında davamlı sülh perspektivinə hansı təhlükəni yaradır?

- Əsas təhlükə odur ki, revanşist düşüncələr cəmiyyətə və siyasi mühitə yenidən hakim olarsa, sülh prosesinin əldə etdiyi nəticələr zəifləyə bilər. Sülh yalnız sənədlərin imzalanması deyil, eyni zamanda cəmiyyətlərin yeni reallığı qəbul etməsidir. Ermənistan daxilində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və revanşizmə çağıran yanaşmalar davam edərsə, bu, uzunmüddətli sülh üçün ciddi problem yarada bilər.

- Mədəni irs məsələsinə qayıdaq. Siz Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin dağıdıldığını bildirdiniz...

- Söhbət Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaratdığı zəngin mədəni irsdən gedir. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı tarixi abidələri, qəbiristanlıqları, məscidləri və tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, onu yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi beynəlxalq hüququn pozulmasıdır. Burada, o cümlədən 1954-cü il Haaqa Konvensiyasını və UNESCO-nun müvafiq qərarlarını qeyd etmək olar. Mədəni irsin qəsdən məhv edilməsi beynəlxalq hüquq baxımından ciddi məsuliyyət doğuran məsələdir.

- Son olaraq, sizcə, Ermənistanın qarşısında hansı seçim dayanır: revanşizm, yoxsa sülh və regional əməkdaşlıq?

- Ermənistan artıq tarixi reallığı qəbul etməlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu reallığı dəyişmək mümkün deyil. Ermənistan üçün ən doğru yol revanşist çağırışlardan və tarixi təhriflərdən imtina edərək sülhə, əməkdaşlığa və regionun gələcək inkişafına yönəlməkdir. Əks halda revanşist qüvvələrin fəaliyyəti ilk növbədə Ermənistanın öz gələcəyinə zərər vuracaq.

Qarabağ Şərqi Zəngəzur diplomatik korpus diplomatlar Ermənistan Ruben Rubinyan

Mənbə: lent.az

Xəbər lenti