IMG-LOGO

Satışa çıxarılacaq Samsung telefonuyla bağlı sərt tənqid - "Ən uğursuz smartfondur"

01 Jul 2026 11:31 3 baxış
IMG
2 0

Yeni Samsung Galaxy A27 hələ rəsmi satışa çıxmamış texnologiya ekspertlərinin sərt tənqidi ilə üzləşib. Profil media qurumları cihazı bu ilin ən uğursuz büdcə smartfonlarından biri adlandırırlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Tech Advisor" nəşrinin məlumatına görə, Galaxy A26 modelini əvəz edən Galaxy A27 bir neçə müsbət yenilik qazansa da, bəzi vacib xüsusiyyətlərdə geriləyib.

Üstəlik, smartfonun qiyməti əvvəlki modellə müqayisədə 50 dollar artırılaraq 349 dollara çatdırılıb.

Modelin əsas yeniliyi Exynos 1380 prosessorunun Snapdragon 6 Gen 3 çipi ilə əvəz olunmasıdır. Ekspertlərin fikrincə, yeni prosessor daha yüksək performans və enerji səmərəliliyi təqdim edəcək. Bundan əlavə, cihaz müasir görünüşlü dairəvi ekran kəsiyi və daha sürətli LPDDR5 operativ yaddaşı ilə təchiz edilib.

Kameralar və suya davamlılıq zəifləyib

Bununla yanaşı, Galaxy A27-nin kameralarında sadələşdirmə aparılıb. Ön kameranın təsvir ölçüsü 13 meqapikseldən 12 meqapikselə endirilib. Ultra geniş bucaqlı kamera isə əvvəlki 8 meqapiksel əvəzinə cəmi 5 meqapiksel sensorla təchiz olunub.

Cihazın su və toza qarşı qorunma səviyyəsi də aşağı salınıb. Belə ki, əvvəlki IP67 sertifikatı IP64 ilə əvəz edilib. Bu da smartfonun suya və toza qarşı dayanıqlılığının zəiflədiyini göstərir.

Rəqiblər daha sərfəli hesab olunur

Ekspertlərin fikrincə, 349 dollarlıq qiymət etiketi ilə Galaxy A27 bazardakı bəzi rəqiblərdən geri qalır. Bildirilir ki, Nothing Phone (4a) və OnePlus Nord CE 5 daha münasib qiymətə daha yaxşı texniki imkanlar təqdim edir. Hətta 2025-ci ilin yazında təqdim edilən Pixel 9a modelinin də hazırda daha məntiqli seçim olduğu vurğulanır.

Tech Advisor nəşri yekunda qeyd edib ki, çip çatışmazlığı və qiymət artımlarının müşahidə olunduğu dövrdə belə, xüsusiyyətləri zəiflədilmiş, lakin daha baha satılan Galaxy A27 böyük məyusluq yaradır. Ekspertlər hesab edirlər ki, Samsung-un bu addımını qiymət artımı fonunda əsaslandırmaq çətindir.

Samsung telefon

Mənbə: lent.az

Xəbər lenti