IMG-LOGO

Son dərəcə sürətli internet aktivləşdi: göstəricilər rekordlar qırır

30 Jun 2026 17:14 15 baxış
IMG
1 0

Çində rekord sürətli internet sınaqdan keçirilib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Çində mütəxəssislər saniyədə 51,3 terabit (Tb/s) sürətlə məlumat ötürə bilən yeni optik rabitə texnologiyasını uğurla sınaqdan keçiriblər.

Bildirilir ki, sınaqlar dünyanın ən uzun kommersiya sərhədlərarası optik kabel xəttində aparılıb. Alimlər təkmilləşdirilmiş ötürmə sistemi sayəsində 205 kilometr uzunluğunda xətt üzrə heç bir siqnal gücləndiricisindən istifadə etmədən sabit bağlantı təmin edə biliblər.

Mütəxəssislərin fikrincə, bu nəticə uzun məsafələrdə yüksək ötürmə qabiliyyətinə malik məlumat mübadiləsi sahəsində yeni standart müəyyənləşdirir.

Sınaqlar zamanı Çin telekommunikasiya və optik lif şirkətləri bir dalğa uzunluğu üzrə 1,2 Tb/s (təxminən 1200 giqabit/saniyə) sürət də əldə ediblər. Müqayisə üçün qeyd olunur ki, bəzi ölkələrdə internet provayderlərinin nəzəri maksimum sürəti cəmi 10 giqabit/saniyə təşkil edir və əksər istifadəçi cihazları belə bu sürətdən tam yararlana bilmir.

Yeni texnologiyanın əsas fərqi siqnalın ötürülmə prinsipindədir. Ənənəvi optik lif kabellərində işıq şüşə lif vasitəsilə hərəkət etdiyi halda, yeni sistemdə içi boş kabeldən istifadə olunur və işıq birbaşa hava mühitində yayılır. Bu konstruksiya siqnalın gecikməsini azaldır və şəbəkənin ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Bununla belə, mütəxəssislər bildirirlər ki, yaxın gələcəkdə bu texnologiya ev istifadəçilərinin internet sürətinə təsir etməyəcək. Yeni həll əsasən magistral rabitə xətləri, beynəlxalq məlumat ötürmə şəbəkələri və iri məlumat emalı mərkəzləri (data mərkəzləri) üçün nəzərdə tutulub.

Ekspertlər hesab edirlər ki, bu texnologiya gələcəkdə süni intellekt, bulud xidmətləri və yüksək həcmli məlumat mübadiləsi tələb edən sistemlərin inkişafında mühüm rol oynaya bilər.

texno texnologiya internet

Mənbə: lent.az

Xəbər lenti