Dünya İqtisadi Forumu (WEF) və "Frontiers" elmi jurnalı 2026-cı il üçün ən perspektivli 10 texnologiyanın yer aldığı növbəti hesabatını yayımlayıb.
Lent.az xəbər verir ki, sənəddə bildirildiyinə görə, süni intellekt sahəsində əsas inkişaf istiqaməti artıq yalnız mətn və şəkil yaradan çatbotlar deyil, real iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunacaq ağıllı sistemlər olacaq.
Hesabat müəlliflərinin fikrincə, yeni nəsil süni intellekt sistemləri istehsalat müəssisələrində avadanlıqların nasazlığını əvvəlcədən müəyyən edəcək, enerji sərfiyyatını optimallaşdıracaq və məhsuldarlığı artıracaq.
Səhiyyədə isə AI texnologiyalarının tibbi görüntülərin təhlili, xəstəliklərin erkən diaqnostikası və fərdiləşdirilmiş müalicə planlarının hazırlanmasında daha geniş tətbiq ediləcəyi gözlənilir.
Hesabatda diqqət çəkilən digər istiqamətlər arasında dayanıqlı aviasiya yanacağı, karbon tutma texnologiyaları, yeni nəsil nüvə enerjisi, mikrobiom əsaslı müalicə üsulları və iqlim dəyişikliyinə uyğunlaşdırılmış kənd təsərrüfatı həlləri də yer alıb.
Mütəxəssislər vurğulayırlar ki, bu texnologiyaların geniş tətbiqi üçün elmi araşdırmalarla yanaşı, dövlətlərin tənzimləyici mexanizmləri, etik qaydalar və kibertəhlükəsizlik sahəsində yeni yanaşmalar da böyük əhəmiyyət daşıyacaq.
Hesabatın məqsədi yaxın 3–5 il ərzində qlobal iqtisadiyyata və cəmiyyətə ən böyük təsir göstərə biləcək texnologiyaları müəyyənləşdirərək hökumətlərə, şirkətlərə və investorlara inkişaf istiqamətlərini göstərməkdir.
süni intellekt
Mənbə: lent.az