Bir çox Samsunq smartfon istifadəçisi ekranın yuxarı hissəsində kiçik yanıb-sönən nöqtənin göründüyünü müşahidə edir və bunun ekran nasazlığı və ya ölü piksel olduğunu düşünür. Lakin mütəxəssislərin sözlərinə görə, əksər hallarda bu, tamamilə normal haldır və cihazın yaxınlıq sensorunun işi ilə bağlıdır.
Lent.az xəbər verir ki, məlumata görə, bu sensor telefon danışığı zamanı cihaz qulağa yaxınlaşdırıldıqda bunu müəyyən edir və təsadüfi toxunuşların qarşısını almaq üçün ekranı avtomatik söndürür.
Müasir, çərçivəsiz ekranlı smartfonlarda yaxınlıq sensoru ekranın altında yerləşdiyindən onun fəaliyyəti bəzən qısa müddətli işıq yanıb-sönməsi və ya kiçik nöqtə şəklində görünə bilir. Bu hal xüsusilə zəngə cavab verərkən və ya danışıq başa çatdıqdan sonra nəzərə çarpır.
Mütəxəssislər bildirirlər ki, bu, nə piksel qüsurudur, nə də proqram təminatındakı nasazlıqdır. Əksinə, sensorun düzgün işlədiyini göstərir. Bu effekti söndürmək də mümkün deyil, çünki o, üzə olan məsafəni müəyyən edən sistemin bir hissəsidir.
Bununla belə, bəzi hallarda yaxınlıq sensoru düzgün işləməyə bilər. Belə vəziyyətlərdə zəng zamanı ekran sönməyə və ya danışıq bitdikdən sonra yenidən aktivləşməyə bilər.
Problemin səbəbi ekranın yuxarı hissəsində toz və çirkin toplanması, eləcə də sensorun qoruyucu şüşə, plyonka və ya telefon qabı ilə qismən örtülməsi ola bilər.
Bu halda Samsunq şirkəti istifadəçilərə ekranın yuxarı hissəsini təmizləməyi, qoruyucu plyonkanı çıxarmağı və cihazı "Samsung Members" tətbiqindəki daxili diaqnostika alətləri vasitəsilə yoxlamağı tövsiyə edir. Əgər problem aradan qalxmırsa, smartfonu yenidən işə salmaq və sınaq məqsədilə zəng edərək sensorun fəaliyyətini yoxlamaq məsləhət görülür. Nadir hallarda isə servis mərkəzinə müraciət etmək lazım gələ bilər.
texno telefon Samsunq

Mənbə: lent.az