Texnologiya bloqeri "PhoneBuff" 2026-cı ilin aparıcı istehsalçılarının flaqman smartfonlarını iş sürəti baxımından müqayisə edib. Sınaqda Apple, Samsung, Google, OnePlus, OPPO, Honor və Vivo brendlərinin ən güclü modelləri iştirak edib. Hər biri ən son nəsil prosessorlarla təchiz olunsa da, ən sürətli smartfon yalnız biri olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, test üçün aşağıdakı modellər seçilib:
Samsung Galaxy S26 Ultra, Apple iPhone 17 Pro Max, Google Pixel 10 Pro XL, OnePlus 15, Oppo Find X9 Pro, Honor Magic 8 Pro, Vivo X300 Ultra.
Sınaq bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə smartfonlar ardıcıl olaraq standart əməliyyatları yerinə yetiriblər. Bunlara tətbiqlərin açılması, kameranın işə salınması, şəkillərin emalı, oyunların başladılması və ZIP arxivlərinin açılması daxil olub.
Bundan sonra cihazlar daha mürəkkəb ssenari üzrə yoxlanılıb. Bu mərhələdə smartfonlar eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirərək yüksək yüklənmə altında işləyiblər. Test zamanı 4K formatında video çəkilişi də aparılıb.
Nəticələrə əsasən, Galaxy S26 Ultra bütün mərhələləri rəqiblərindən daha sürətli başa vuraraq birinci yeri tutub. Samsung-un flaqmanı yüksək yüklənmə şəraitində ən stabil performansı nümayiş etdirib.
İkinci yerdə liderdən cəmi 7 saniyə geri qalan Vivo X300 Ultra qərarlaşıb. İlk üçlüyü isə OnePlus 15 tamamlayıb.
Sonrakı pillələrdə Honor Magic 8 Pro və Oppo Find X9 Pro yer alıb. iPhone 17 Pro Max gözlənilmədən yalnız altıncı yeri tutub. Test iştirakçıları arasında ən zəif nəticəni isə Pixel 10 Pro XL göstərərək sonuncu olub.
Qeyd edək ki, daha əvvəl AnTuTu platforması ən məhsuldar Android smartfonlarının reytinqini yeniləmişdi. Siyahıya Snapdragon 8 Elite Gen 5 prosessoru ilə təchiz olunan iQOO 15 Ultra başçılıq edib. Bu model orta hesabla 4,12 milyon xal toplayıb. Maraqlıdır ki, Galaxy S26 Ultra həmin reytinqin ilk onluğuna daxil olmayıb.
Eyni zamanda, DxOMark mütəxəssisləri Galaxy S26 Ultra-nın kamera imkanlarını da qiymətləndiriblər. Nəticələrə görə, Samsung-un yeni flaqmanı bu göstəricidə hətta iPhone 16 Pro-dan geri qalıb. Bununla belə, ekspertlər qeyd edirlər ki, şirkət mobil fotoqrafiya sahəsində ardıcıl irəliləyiş nümayiş etdirsə də, bazarın liderləri ilə rəqabət aparmaq üçün hələ də inkişafını davam etdirməlidir.
texno telefon ən yaxşı smartfonlar

Mənbə: lent.az