Yay istisinin başlaması ilə sürücülərə avtomobildə saxlanılması təhlükəli olan əşyalarla bağlı xəbərdarlıq edilib. Mütəxəssislər bildirirlər ki, bəzi məişət əşyaları yüksək temperaturun təsiri altında ciddi təhlükə yarada bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, burada ən böyük risk aerozol qablaşdırmalarından qaynaqlanır.
Sürtkü yağları, boyalar və digər təzyiqli balonlar günəş şüalarının təsiri ilə qızan avtomobil salonunda alışan qazlar ifraz etməyə başlaya bilər. Ekspertlərin sözlərinə görə, birbaşa günəş altında qalan avtomobillərin salonunda temperatur 60-70 dərəcədən də yuxarı qalxa bilir. Belə şəraitdə aerozol qabları alışma və hətta partlayış riski yaradır.
Təhlükə yarada biləcək digər əşyalar isə elektron cihazlardır. Pauerbanklar, akkumulyator üçün portativ işəsalma qurğuları və hətta batareya ilə işləyən adi fənərlər həddindən artıq qızdıqda yanğın mənbəyinə çevrilə bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu cür cihazlar kritik temperatura çatdıqda daxilində zəncirvari kimyəvi reaksiya başlaya bilər və onu dayandırmaq demək olar ki, mümkün olmur.
Bununla yanaşı, avtomobildə unudulan bütün əşyalar həyati təhlükə yaratmasa da, sürücülər üçün əlavə problemlər yarada bilər. Məsələn, istidə avtomobildə qalan şokolad və saqqız tez əriyərək oturacaqların üzlüyünə və salonun digər hissələrinə yapışa bilər. Belə ləkələrin təmizlənməsi isə vaxt və əlavə xərc tələb edir.
Avtomobil üzrə mütəxəssislər sürücülərə salonu mütəmadi olaraq yoxlamağı və gündəlik istifadə olunmayan əşyaları avtomobildə saxlamamağı tövsiyə edirlər. Elektron cihazların isə yay aylarında xüsusi soyuducu çantalarda daşınması və ya avtomobildən çıxarılaraq sürücü ilə birlikdə aparılması məsləhət görülür. Bu, cihazların həddindən artıq qızmasının və mümkün yanğın riskinin qarşısını almağa kömək edə bilər.
avtomobil texnoMənbə: lent.az