ABŞ-ın Mohave səhrasında 350.000 Volkswagen və Audi avtomobili atılıb. Avtomobillər təxminən on ildir ki, oradadır.
Lent.az bildirir ki, “Supercarblondie” portalı bütün bu avtomobillərin necə bir yerə yığıldığını və onları bundan sonra nə gözlədiyini araşdırıb.
Bu avtomobillər 2015-ci ildə “Dizelqeyt” emissiya qalmaqalı zamanı ora yerləşdirilib. O vaxt Volkswagen qrupu ABŞ Ətraf mühitin mühafizəsi agentliyindən qayda pozuntusu barədə bildiriş alıb. Agentlik Audi və Volkswagen avtomobillərinin icazə veriləndən 40 dəfə çox azot oksidi buraxdığını aşkar edib.
Nəticədə, qrup təxminən 7,4 milyard dollar xərcləyərək amerikalı sahiblərdən avtomobilləri geri almaq üçün genişmiqyaslı bir proqrama başlayıb.
Geri alınan avtomobilləri saxlamaq üçün ABŞ-da təxminən 37 anbar əldə edilib və Mohave səhrası ən diqqətəlayiq olsa da, onlardan yalnız biridir.
Bu avtomobilləri nə gözləyir?
Bu partiyanın şəkilləri internetdə görünəndə bir çox şərhçi avtomobillərin "çürüməyə buraxıldığını" iddia edib. Lakin onların gələcəyi o qədər də qaranlıq deyil.
Quru iqlim paslanmanın və korroziyanın qarşısını alır və avtomobillərin uzunmüddətli işləməsini təmin edir. Volkswagen müntəzəm olaraq avtomobilləri yerində texniki baxışdan keçirir.
Məqsəd, tənzimləyici orqanlar proqram təminatı və aparat təminatını təmir etmək üçün icazə verənə qədər orada müvəqqəti saxlamaqdır.
Avtomobil qəbiristanlığı illər ərzində tədricən boşalıb. Artıq minlərlə avtomobil uğurla təmir edilib və yenidən satılıb. Bu arada, təmir işləri iqtisadi cəhətdən sərfəli hesab edilmədiyi üçün minlərlə avtomobil sökülüb və təkrar emal edilib.
Volkswagen Audi səhra atılmış avtomobillər



Mənbə: lent.az