Qlobal geo-siyasi gərginliklər, tədarük zəncirinin qırılması, qeyri-sabit hava şəraiti və digər kataklizmlər fonunda kənd təsərrüfatının inkişaf etdirilməsi bu gün tək iqtisadi rifah yox həm də milli təhlükəsizlik məsələsinə çevrilməkdədir. Bu, Azərbaycan üçün də öz aktuallığını saxlayır.
Ölkədə uzun illər boyu çoxsaylı proqramlar vasitəsilə bu sektorun dəstəklənməsi həyata keçirilir. Bura vergi güzəştləri, müxtəlif subsidiyalar, güzəştli şərtlərlə kreditləşmə kimi mexanizmlər daxildir. Paralel müvafiq infrastrukturun ilk növbədə su təsərrüfatının inkişaf etdirilməsi istiqamətində əməli addımlar atılır. Bu gün məhz aqrar sektor ümumi su ehtiyatlarının ən böyük istehlakçısı (istehlak olunan suyun 70 %-dən çoxu kənd təsərrüfatında istifadə edilir) olaraq qalmaqdadır. Kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması məqsədilə əsaslı vəsait qoyuluşu hesabına Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının kaskadının və 7 magistral suvarma kanalının yenidən qurulması, həmçinin Zabuxçay su anbarının tikintisi işləri başa çatdırılıb. Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi davam etdirilir, Bərgüşadçay və Həkəriçay su anbarlarının isə tikintisinə başlanılması nəzərdə tutulub.
Yüksək məhsuldarlığa əsaslanan istehsal modelinə keçid
Bununla yanaşı, beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız qalası magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri görülüb. Bu işlər nəticəsində son illər məhsuldarlığın artırılması istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, taxılçılıqda, hər hektar üzrə məhsuldarlıq əvvəlki illərdəki 2 tondan bu gün 3,2 tona çatdırılıb. Pambıqçılıqda bu göstərici 1 tondan 3,6 tona kimi qaldırılıb ki, bu da bütün dövrlərin, hətta sovet dövrünün ən yüksək göstəricisidir.
Analoji tendensiya Azərbaycanın əsas kənd təsərrüfatı məhsulları ilə özünü təminatında müşahidə olunur. Bu gün ölkədə meyvə-tərəvəz, dənli paxlalılar və kartof, süd, mal əti, quş əti, qoyun əti və yumurta önəmli istehsal payına malikdir. Süd və ət istehsalının aqrar sahədə payı isə olduqca yüksəkdir.
Azərbaycan bu gün buğda istisna olmaqla digər dənli bitkilər üzrə özünü 95 % səviyyəsində təmin edir. Dənli paxlalılar üzrə özünü təminetmə indeksi 63 %, kartof üzrə - 91 % həddindədir. Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə üzrə də müsbət vəziyyət var. Tərəvəz üzrə özünü təmin etmə əmsalı 107 %, bostan məhsulları üzrə 104 %, meyvə, giləmeyvə üzrə 140 %, o cümlədən üzüm üzrə 92 % səviyyəsində qərarlaşıb.
Azərbaycan mal əti ilə özünü 84 %, quş əti ilə 82 %, qoyun-keçi əti ilə 94 %, balıq və balıq məhsulları ilə 81 %, bitki yağları ilə 52 %, kərə yağı ilə 62 %, çay ilə 86 %, un ilə 95 %, makaron məmulatları ilə 89 %, şəkərlə 102 % təmin edir. Ölkə yumurta və duza olan ehtiyacını isə tam olaraq daxili resurslar hesabına qarşılayır.
İdxalın şaxələnməsi ərzaq təhlükəsizliyinin mühüm elementinə çevrilir
Baxmayaq ki, bu gün buğda üzrə özünü təmin etmə əmsalı (55 %) aşağı olaraq qalır, tədarük kanallarının şaxələndirilməsi üzrə əməli addımlar atılır. Ötən il Azərbaycanın xaricdən aldığı 1 milyon 267 min 322 ton buğdanın 662 min 270 tonu (bu məhsulun ümumi idxal həcminin 52,26 %-i) Qazaxıstanın, 604 min 944 tonu (47,74 %) Rusiyanın payına düşüb. Şimal qonşumuz illərlə buğda aldığımız əsas tədarük bazarı olub. Son beş ilin statistikası bunu açıq göstərir: 2020-ci ildə 1,37 milyon ton buğdanın 98,9 %-i, 2021-ci ildə 1,15 milyon ton buğdanın 95,3 %-i, 2022-ci ildə 1,29 milyon ton buğdanın 78,2 %-i, 2023-cü ildə 1,17 milyon ton buğdanın 87 %-i, 2024-cü ildə 1,29 milyon ton buğdanın 90,2 %-i Rusiyadan tədarük edilib. Qazaxıstan buğdasının Azərbaycan bazarına fəal şəkildə daxil olmasının əsas səbəbi ötən ilin yanvarından qüvvəyə minən yeni dövlət dəstəyidir. Belə ki, buğda ixracatçılarına daşınma məsafəsinə görə hər ton üçün 20-30 min tenge arasında subsidiya verilir. Bu subsidiyalar sayəsində Qazaxıstan buğdası daha uzaq bazarlarda belə rəqabət qabiliyyətli hala gəlib. Buğda idxalı üzrə əsas vektorun Rusiyadan uzaqlaşması tədarüklə bağlı mümkün risklərin sığortalanması baxımından mühüm addım sayıla bilər.
Bununla belə şimal qonşumuz hələ də qeyri-neft, o cümlədən kənd təsərrüfatı məhsulları ixrac etdiyimiz əsas bazar olaraq qalır. Ötən il Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixrac dəyərinin (3 milyard 628 milyon 247 ABŞ dolları) 1 milyard 174 milyon 546 min ABŞ dolları və ya 32,37 %-i bu ölkənin payına düşüb. Rusiyaya satdığımız məhsulların ümumi dəyərinin (1 milyard 183 milyon 734 min ABŞ dolları) 99,22 %-i elə qeyri-neft sektorunun payına düşüb.
Yeni bazarlara çıxış dayanıqlı ixracın əsas təminatçısıdır
Şimal qonşumuz bu gün Azərbaycanın meyvə və tərəvəz satdığı əsas bazardır. Ötən il xarici ölkələrə tədarük etdiyimiz 187 min 546 ton xurmanın 141 min 867 tonu (həmin məhsulun ümumi ixracındakı payı 75,6 %), 172 min 864 ton tomatın 166 min 114 tonu (96 %), 106 min 443 ton almanın 87 min 347 tonu (82 %), 88 min 591 ton şaftalının (nektarinlər də daxil olmaqla) 82 min 279 tonu (93 %), 71 min 430 ton kartofun 59 min 975 tonu (84 %), 36 min 478 ton çiyələyin 36 min 105 tonu (99 %), 35 min 987 ton narın 29 min 924 tonu (83 %), 18 min 970 ton meşə fındığının 8 min 521 tonu (45 %), 16 min 758 ton albalı və gilasın 16 min 642 tonu (99,3 %), 16 min 693 ton qarpızın 13 min 836 tonu (83 %), 9 min 775 ton üzümün 7 min 527 tonu (77 %), 8 min 726 ton armudun 8 min 243 tonu (94,5 %), 7 min 120 ton əriyin 5 min 700 tonu (80 %), 7 min 37 ton gavalı və göyəmin 6 min 563 tonu (93,3 %), 5 min 326 ton salat tərəvəzi (salat-kahıdan və kasnıdan başqa) və digərlərinin 5 min 313 tonu (99,8 %), 4 min 196 ton heyvanın 3 min 90 tonu (74 %), 3 min 492 ton mandarinlər və yaxud naringilərin (tanjerinlər və satsuma da daxil olmaqla) 3 min 433 tonu (98,3 %), 2 min 859 ton xiyar və kornişonların 2 min 686 tonu (94 %), 622,67 ton ispanağın 618,44 tonu (99,2 %), 501,64 ton kivinin 390,64 tonu (78 %), 306,36 ton lobyanın 295,76 tonu (96,5 %), 242,67 ton sarımsağın 242,21 tonu (99,8 %), 229,37 ton salat kahının 228,11 tonu (99,5 %), 185,16 ton quşüzümü, qaragilə və Vaccinium növlü digər giləmeyvələrin 184,26 tonu (99,5 %), 142,74 ton qara, ağ və ya qırmızı qarağat və motmutunun 142,28 tonu (99,7 %), 113,47 ton gül kələm və brokkolinin 111,89 tonu (98,6 %), 68,77 ton moruq, böyürtkən, tut və loqanov giləmeyvəsinin 68,11 tonu (99 %), 51,3 ton əncirin 100 %-i, 43,57 ton badımcanın 42,63 tonu (97,8 %), 26,32 ton limon və laymların 100 %-i Rusiyanın payına düşüb. Yuxarıda qeyd edilən məhsulların qonşu ölkəyə ixracından Azərbaycanın qazancı ümumilikdə 677 milyon 634 min ABŞ dolları olub ki, bu da həmin ildə xaricə satdığımız meyvə və tərəvəzin ixrac dəyərinin (901 milyon 501 min ABŞ dolları) 75,2 %-ni təşkil edib. Yəni xaricə satdığımız meyvə-tərəvəzin 3/4-ü yalnız bir ölkənin payına düşür. Rusiyanın dəfələrlə bu cür asılılığı siyasi təzyiq alətinə çevirdiyini nəzərə alaraq bu cür vəziyyətin müəyyən qədər riskli olduğunu demək olar. Bu kontekstdə Azərbaycan üçün yeni tədarük bazarlarına çıxış həyati əhəmiyyət kəsb edir.
Aqrar sektorun inkişafında yeni mərhələ
Bu həftə Prezident İlham Əliyevin təsdiq etdiyi "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" sektorun gələcək inkişafını səciyyələndirən fundamental sənəddir. Proqrama əsasən 2030-cu ilə kimi kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac dəyərinin 4 dəfə artırılaraq 6 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Eyni dövrdə müasir suvarma sistemləri tətbiq olunan sahələrin təxminən 300 min hektara, intensiv meyvə bağlarının sahəsinin təxminən 70 min hektara, istixana komplekslərinin sahəsinin təxminən 2 000 hektara, ixtisaslaşmış rayonlar üzrə buğda və pambığın hektar başına düşən məhsuldarlığının təxminən 50 sentnerə, kənd təsərrüfatı təyinatlı soyuducu anbarların həcminin təxminən 500 min tona, cins heyvanların (iribuynuzlu) ümumi sürüdə payının təxminən 10 %-ə, akvakultura sahəsi üzrə istehsal həcminin təxminən 7 700 tona çatdırılması, kəsilmiş çəkidə mal əti istehsalında azı 20 %, süd istehsalında azı 10 %, kəsilmiş çəkidə qoyun əti istehsalında azı 9 %, quş əti istehsalında azı 30 %, yumurta istehsalında təxminən 27 %-lik artım hədəf müəyyən edilib.
"Report"a açıqlama verən deputat Vuqar Bayramov hesab edir ki, aqrar sektora yerli və xarici investisiyaların cəlb edilməsinin yuxarıdakı hədəflərin reallaşmasına kifayət qədər ciddi dəstəyi ola bilər: "Dövlət Proqramına əsasən, aqrar sektora 5,9 milyard manat investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Nəzərə alaq ki, 2025-ci ildə Azərbaycanda əsas kapitala 21,2 milyard manatdan çox investisiya yönəldilib. Sərmayələrin 51 %-i dövlət, 49 %-i özəl sektorun payına düşüb və sərmayə qoyuluşunda istehsal sahələri daha öndədir. Ümumilikdə qoyuluşların 51 %-i istehsala yönəldilib ki, burada eyni zamanda aqrar sektor da var. İnvestisiya qoyuluşlarında dövlət sektoru özəl sektora nisbətən üstünlüyə malikdir. Bu da dövlət büdcəsindən bu istiqamətə daha çox vəsaitin ayrılması ilə bağlıdır".
Onun sözlərinə görə, növbəti 5 ildə aqrar sektorda özəl sektordan daha çox sərmayənin cəlb edilməsi nəzərdə tutulur: "Burada yerli və xarici sərmayənin cəlbi əsas prioritetlərdən biridir. 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi bütövlükdə 6,6 milyard ABŞ dolları olub, eyni zamanda bu, əvvəlki ilə nisbətən 6,4 % azalma deməkdir. Odur ki, ümumi investisiyalarda xarici investisiyaların payının artırılması və əsasən də qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlb edilməsi prioritetdir".
Dövlət–özəl tərəfdaşlığı gələcək inkişafın yeni modeli
Deputat yerli investisiya cəlbi üçün dövlət-özəl tərəfdaşlığına uyğun olaraq birgə proqramların icrasına ehtiyac olduğunu bildirib: "Birgə proqramların icra edilməsi özəl sektorun təşviq edilməsinə və daha çox investisiya qoyuluşu həyata keçirməsinə imkan yarada bilər. Eyni zamanda, qeyri-neft sektoruna, xüsusilə də aqrar sektora xarici investisiyaların cəlb edilməsi üçün prosedurların sadələşdirilməsi və bu istiqamətdə təşviq alətlərindən daha yaxından istifadə edilməsi vacibdir. Nəzərə alaq ki, investisiya cəlb etməkdə əsas məqamlardan biri "az prosedurlar və az zaman" prinsipidir. Eyni zamanda, təbii ki, az xərc. Bu kontekstdə aqrar sektorda da prosedurların elektronlaşması, tamamilə sadələşdirilməsi və xarici investisiyanın, əsasən də istehsal və cümlədən qida sənayesinə cəlbinin təşviqi vacibdir. Bütün bunlar fonunda biz aqrar sektora daha çox yerli və xarici investisiyaların cəlb edilməsini müşahidə edə bilərik ki, bu da nəticə etibarilə dövlət proqramında müəyyənləşdirilmiş hədəflərin reallaşmasına kifayət qədər ciddi dəstək ola bilər".
İqtisadçı-ekspert Rəşad Həsənov isə "Report"a açıqlamasında bildirib ki, Dövlət Proqramı özəl sektorun prosesdə aktiv iştirakı və eyni zamanda onun təşviqi istiqamətində gözləntilər üzərində qurulub.
Onun sözlərinə görə, dövlətin prosesdə iştirakı daha çox güzəştdən, subsidiya verilməsindən, hüquqi çərçivənin təkmilləşdirilməsindən və transaksiya xərclərinin optimallaşdırılmasından ibarət olacaq: "Ümumiyyətlə götürəndə, dövlət proqramının icrası ilə nəzərdə tutulan tədbirlər əslində, aqrar sferada ekosistemin təkmilləşdirilməsi və biznes fəaliyyəti mülkiyyətinin əlverişliliyinin artırılması, bu istiqamətdə risklərin önlənməsi, dolayısı ilə də bu sahədə inkişafı hədəfləyən tədbirlər toplusudur. Həmin tədbirlər kənd təsərrüfatındakı mövcud problemlərin həlli istiqamətində müəyyən bir mexanizmlər və yaxud da ki, dəstəklər, alətlər təklif edir".
Ekspert hesab edir ki, xarici investisiyaların prosesdə iştirakçılığı məsələsi proqramın hansı formada idarə ediləcəyindən, bu istiqamətdə şəffaflığın nə qədər təmin olunacağından, proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin və hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində ortaya qoyulan təşəbbüslərin həllinin nəticələrindən birbaşa asılı olacaq: "Dövlət proqramının icrası yekunda kənd təsərrüfatı sahəsində bazara giriş-çıxış şərtlərinin liberallaşdırılması, eyni zamanda resursların ədalətli bölüşdürülməsi, bir çox bürokratik əngəllərin daha asan həll edilməsi və aradan qaldırılmasına gətirib çıxaracaqsa, eyni zamanda bu istiqamətdə hər hansı subyektiv maraqlar maneəsi olmayacaqsa, bu zaman o, özəl sektorun prosesdə iştirakını artırmaq, eyni zamanda xarici investorların diqqətini cəlb etmək olar".












Mənbə: report.az