IMG-LOGO

WUF13 kimi forumlar Azərbaycanın qlobal tədbirlər diplomatiyasında ciddi təcrübəyə əsaslanır - RƏY

26 May 2026 15:36 5 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi forumlar Azərbaycanın qlobal tədbirlər diplomatiyasında ciddi təcrübəyə malik olduğunu göstərir.

Bu sözləri "Report"a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, WUF13 çərçivəsində keçirilən tədbirlər, o cümlədən Azərbaycanın sədrliyi ilə təşkil olunan Nazirlər Görüşü bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal diplomatik platformalardan birinə çevrilməkdədir:

"180-ə yaxın ölkədən 57 mindən çox iştirakçının qatıldığı tədbirin Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası kimi tarixə düşməsi Azərbaycanın təşkilatçılıq imkanlarının və beynəlxalq etimadının göstəricisi hesab oluna bilər. Belə tədbirlər ölkələrin yumşaq gücünün, siyasi nüfuzunun və beynəlxalq idarəçilik bacarığının nümayişi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan son illərdə ardıcıl şəkildə böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. COP29, Qoşulmama Hərəkatı çərçivəsində keçirilən zirvə görüşləri, beynəlxalq idman yarışları və indi də WUF13 kimi forumlar göstərir ki, Azərbaycan artıq qlobal tədbirlər diplomatiyasında ciddi təcrübəyə malikdir. Bu amil Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir və ölkəni sabit, təhlükəsiz və təşkilati baxımdan peşəkar tərəfdaş kimi təqdim edir. Xüsusilə geosiyasi gərginliklərin artdığı dövrdə böyük beynəlxalq platformaların Azərbaycana etibar edilməsi mühüm siyasi mesaj hesab olunur".

Politoloqun sözlərinə görə, WUF13 çərçivəsində "Sədrin xülasəsi" sənədində Azərbaycan Prezidentinin liderliyinin xüsusi vurğulanması da diqqətçəkən məqamdır. O bildirib ki, bu, təkcə diplomatik nəzakət deyil, eyni zamanda, Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə dövründə yenidənqurma siyasətinə beynəlxalq diqqətin artmasının göstəricisidir.

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri də Azərbaycanın urbanizasiya və müasir şəhərsalma konsepsiyalarında yeni model təqdim etməyə çalışdığını göstərir. Bu tədbirdən sonra digər ölkələrin Azərbaycanın təcrübəsinə maraq göstərməsi tam mümkündür. Çünki beynəlxalq tədbirlərin uğurlu təşkili artıq ayrıca diplomatik kapital hesab olunur.

Azərbaycan həm təhlükəsizlik, həm logistika, həm rəqəmsal koordinasiya, həm də çoxtərəfli diplomatik idarəetmə baxımından mühüm təcrübə toplayıb. Xüsusilə inkişaf etməkdə olan ölkələr və beynəlxalq platformalarda aktivliyini artırmaq istəyən dövlətlər Bakı modelini öyrənməyə maraq göstərə bilərlər. Bu, gələcəkdə Azərbaycanın beynəlxalq konsultasiya, tədbir idarəçiliyi və çoxtərəfli diplomatiya sahəsində yeni əməkdaşlıq imkanları qazanmasına da səbəb ola bilər", - o bildirib.

R.Bayramov əlavə edib ki, BMT ilə münasibətlər kontekstində WUF13 Azərbaycan üçün yeni mərhələnin başlanğıcı sayıla bilər:

"Azərbaycan uzun müddətdir, BMT strukturları ilə fəal əməkdaşlıq edir və xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatiyada daha çox görünən aktora çevrilib. UN-Habitat ilə əməkdaşlıq isə Azərbaycanın dayanıqlı şəhərsalma, urbanizasiya və postmünaqişə ərazilərinin bərpası istiqamətində beynəlxalq platformalarda rolunu gücləndirir. WUF13-dən sonra Azərbaycanın BMT sistemində daha fəal tərəfdaş kimi çıxış etməsi ehtimalı da yüksəlir. İqlim, şəhərsalma, məcburi köçkünlərin reinteqrasiyası və dayanıqlı inkişaf sahələrində ölkəmiz gələcək təşəbbüslərin iştirakçısı və hətta təşəbbüskarı ola bilər. Bu isə Azərbaycanın beynəlxalq siyasətdə təkcə enerji ixracatçısı deyil, həm də qlobal inkişaf gündəliyində fəal rol oynayan dövlət kimi mövqeyini gücləndirir".

Mənbə: report.az

Xəbər lenti