IMG-LOGO

ÜST Efiopiyanın şimalında səhiyyə sisteminin çökmə təhlükəsi barədə xəbərdarlıq edib

03 Nov 2026 01:57 3 baxış
IMG

Efiopiyanın şimalında davam edən hərbi əməliyyatlar regionun səhiyyə sisteminin fəaliyyətini təhlükə altına alır.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.

"Efiopiyanın şimalındakı zorakılıq onsuz da kövrək olan səhiyyə sistemini çökməyə yaxınlaşdırır. Xəstəxanalarda tibb işçiləri, dərman və avadanlıq qıtlığı yaşanır. Təcili tibbi yardım göstərmək imkanları son dərəcə məhduddur. Təhlükəsiz olmayan şərait həyati vacib tibbi ləvazimatların bəzi ərazilərə çatdırılmasına mane olur", - o qeyd edib.

ÜST rəhbəri Amhara və Tıqray regionlarında dinc sakinlərə hücumlarla bağlı məlumatlardan dərin narahatlığını ifadə edib.

Onun sözlərinə görə, daxil olan məlumatlara əsasən, Amhara regionundakı Caari-2 məcburi köçkün düşərgəsinə endirilən zərbə nəticəsində uşaqlar, o cümlədən yeni doğulmuş körpə həlak olub. Bundan başqa, Tıqrayın Rama şəhərində ərzaq almağa çalışan bir neçə nəfərin öldüyü ehtimal olunur.

Qebreyesus vurğulayıb ki, pilotsuz uçuş aparatlarının (PUA) zərbələri və dinc sakinlərin ölümü Efiopiyada getdikcə daha tez-tez baş verən hala çevrilir.

O bildirib ki, ÜST BMT strukturlarından olan tərəfdaşları ilə birlikdə zərərçəkmiş ərazilərə əlavə tibbi yüklərin çatdırılması üzərində işləyir.

Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi daha çox insanı təcili xidmətlər, qadın və uşaq sağlamlığının qorunması, eləcə də xəstəliklərin müalicəsi daxil olmaqla, tibbi yardıma çıxışdan məhrum edə bilər.

ÜST rəhbəri mülki əhalinin müdafiəsini, tibb işçilərinin ehtiyacı olanlara maneəsiz çıxışını və humanitar yardımın çatdırılmasını təmin etməyə çağırıb.

"Ən cəsarətlilər sülhü seçir. Ən yaxşı dərman sülhdür", - o yekunlaşdırıb.

Mənbə: report.az

Xəbər lenti