Suriyada qaçqın düşərgəsindən İŞİD-lə əlaqəli ikinci qrup qaçqın Avstraliyaya qayıtmağa hazırlaşır.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, qrupda yeddi qadın və 12 uşaq var.
Avstraliya hakimiyyət orqanlarının məlumatına görə, onlar vətənlərinə qayıdış səfərlərini müstəqil şəkildə təşkil ediblər.
Avstraliyanın daxili işlər naziri Toni Börk hökumətin onların geri qayıtmalarına kömək etmədiyini bildirib. Onun sözlərinə görə, cinayət törədənlər qanunun bütün gücü ilə üzləşəcəklər.
"Bu insanlar dəhşətli bir seçim etdilər - təhlükəli bir terror təşkilatına qoşuldular və uşaqlarını dözülməz vəziyyətə saldılar", - deyə nazir qeyd edib.
Qrupun gəlişinin dəqiq vaxtı açıqlanmayıb. ABC-nin məlumatına görə, onlar ötən həftə Suriyanın şimal-şərqindəki düşərgəni tərk ediblər və yaxın günlərdə Avstraliyaya çata bilərlər.
Mənbə: report.az