ABŞ Prezidenti Donald Tramp bildirib ki, "İbrahim sazişləri"nin genişləndirilməsi prosesi Səudiyyə Ərəbistanı və Qətərin onlara qoşulması ilə başlamalıdır.
"Report" xəbər verir ki, bu barədə D.Tramp "Truth Social"da yazıb.
ABŞ liderinin sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan, Qətər əmiri Təmim bin Həməd Əl Tani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya kralı II Abdullah və digər liderlərlə danışıqlar zamanı "İbrahim sazişləri"nin genişləndirilməsi müzakirə olunub.
D.Tramp qeyd edib ki, sazişlərə Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniya qoşulmalıdır: "Hər şey Səudiyyə Ərəbistanı və Qətərin dərhal sazişləri imzalaması ilə başlamalı, qalanları isə onlardan nümunə götürməlidir".
O həmçinin vurğulayıb ki, İbrahim sazişləri Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan da daxil olmaqla, iştirakçı ölkələr üçün öz səmərəliliyini artıq sübut edib.
D.Tramp bildirib ki, sazişi imzalayan ölkələrin sayı artacağı təqdirdə, Yaxın Şərq "vahid, güclü və iqtisadi cəhətdən qüdrətli regiona" çevrilə bilər.
Bundan əlavə, Tramp öz nümayəndələrinə yeni ölkələrin "İbrahim sazişləri"nə qoşulması prosesinə başlamağı tapşırdığını bildirib.
Mənbə: report.az