IMG-LOGO

WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH

23 May 2026 14:47 2 baxış
IMG

2026-cı ilin 17-22 may tarixlərində Bakı Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi. COP29 kimi mötəbər tədbirdən sonra belə irimiqyaslı forumun məhz Azərbaycanda təşkil edilməsi göstərir ki, ölkəmiz artıq qlobal təşəbbüslərin ön sıralarında mövqeyini və etibarlı tərəfdaş imicini möhkəmləndirib. Bu Forum eyni zamanda Azərbaycana imkan verdi ki, şəhərlərin gələcək inkişaf modelinə verdiyi töhfəni bütün dünyaya nümayiş etdirsin. Bir həftəyə yaxın müddətdə davam edən tədbir zamanı əsasən "yaşıl şəhərlər" və rəqəmsallaşma, postmünaqişə dövründə bərpa işləri, qlobal çağırışlar mühüm istiqamətlər olaraq diqqət mərkəzinə düşdü.

Forumun gündəliyində yer alan bu mühüm istiqamətlər, xüsusilə də postmünaqişə dövründə şəhərlərin bərpası mövzusu təsadüfi xarakter daşımır və birbaşa Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan salınan şəhər və kəndlər, müasir və həyata keçirilən dayanıqlı mühit formalaşdıran irimiqyaslı yenidənqurma layihələri bu Forum vasitəsilə bütün dünyaya unikal bir inkişaf presendenti kimi təqdim edildi. Bununla da rəsmi Bakı dünyaya sübut edir ki, Azərbaycan sadəcə müharibəni bitirən tərəf deyil. Paralel olaraq da dağıdılmış şəhər və kəndləri "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" konsepsiyaları əsasında quran, sülh və sabitlik gündəliyini, inteqrasiyanı diktə edən aparıcı qüvvədir.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və quruculuq işləri, irəli sürdüyü sülh proqramı sayəsində WUF13-ün gedişində dünya birliyi və beynəlxalq ekspertlər Prezident İlham Əliyevin şəhərsalma sahəsində nümayiş etdirdiyi uzaqgörən liderliyini yüksək qiymətləndirərək alqışladı. Bir sıra dövlət rəsmiləri, BMT təmsilçiləri və digər iştirakçılar qeyd etdilər ki, bu layihələr təkcə regional deyil, eyni zamanda qlobal miqyasda da nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi altında icra olunan bu geniş layihədə urbanizasiya çağırışlarına cavab verilməsi, şəhər inkişafında insan amili, ekoloji balans və rəqəmsal texnologiyaların tətbiqi böyük rəğbətlə qarşılandı. Forumda səsləndirilən bəyanatlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regional münaqişəyə son qoymaqla yanaşı, həm də gələcəyin dayanıqlı şəhər mühitinin necə formalaşdırılmalı olduğunu əyani şəkildə göstərən uzaqgörən bir liderlik modeli ortaya qoyur.

Prezidentin müasir dünyaya uyğun olaraq bütün dünyaya nümayiş etdirdiyi bu yanaşmasına fərqli prizmadan da baxmaq lazımdır. Bu, eyni zamanda Azərbaycanın qlobal problemlərin həllində hər zaman fərqli dövlətləri və təşkilatları bir araya gətirmək istəyini nümayiş etdirir. Məhz bu səbəbdən də əminliklə söyləmək olar ki, Ümumdünya Şəhərsalma Forumu ilk növbədə dövlət başçısının çoxtərəfli əməkdaşlığa verdiyi növbəti böyük töhfədir. Başqa sözlə, bu gün şəhərlərin qarşılaşdığı problemləri tək bir ölkə və ya təşkilat həll edə bilməz. Belə bir dövrdə isə Bakıda 170-dən çox ölkə təmsilçisinin bir araya gəlməsi bu tip problemlərdən ortaq çıxış yolu tapmaq üçün unikal bir platforma sayılır. Yaxın tariximizdə Qoşulmama Hərəkatına sədrlik, COP29-a ev sahibliyi edən Azərbaycan müxtəlif qütblər arasında etibarlı bir körpü rolunu oynadığını sübut edib. Bakı Forumunda da Azərbaycan fərqli ölkələrin səsini, təklifini eyni masa arxasında birləşdirdi. Bu isə bir daha sübut edir ki, rəsmi Bakı qlobal məsələlərdə sadəcə iştirakçı deyil, dünyanı ortaq hədəflər ətrafında birləşdirən dövlətdir.

Bakıda keçirilən Forumda Azərbaycan dünyanı ortaq hədəflər ətrafında birləşdirən dövlət statusunu daha da möhkəmləndirərək, Ümumdünya Şəhərsalma Forumları tarixində ilk dəfə olaraq məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda ali səviyyəli Liderlər Sessiyası təşkil olundu. Bu addım sayəsində şəhərsalma mövzusu lokal texniki məsələ olmaqdan çıxaraq, birbaşa qlobal siyasətin mərkəzinə daşındı. Başqa sözlə isə bu sessiyanın təşkili bu vacib sahəyə çox böyük siyasi çəki və yeni nəfəs əlavə etdi. Müasir dünyamızda şəhərlərin ekoloji təmiz, təhlükəsiz və dayanıqlı olması üçün təkcə yaxşı planlar və layihələr kifayət etmir. Bunun üçün eyni zamanda dövlət rəhbərliyinin siyasi iradəsi, maliyyə dəstəyi və paralel olaraq da qanunvericilik bazası mütləqdir. Prezident İlham Əliyevin bu uzaqgörən təşəbbüsü sayəsində dünya liderləri, baş nazirlər və beynəlxalq təşkilatların rəhbərləri eyni masa arxasında əyləşərək gələcək şəhərlərin taleyini, urbanizasiya böhranlarını və insanların yaşayış standartlarını dövlət siyasəti səviyyəsində müzakirə etdilər. Bu isə Bakıda keçirilən Forumun sadəcə təcrübə mübadiləsi apardığı bir platforma olmadığını sübut edir. Bu, özlüyündə sübut edir ki, Forum gələcək şəhərsalma strategiyalarına dair qlobal miqyasda ən ali qərarların qəbul edildiyi və icrasının siyasi təminat verildiyi əsas beynəlxalq mərkəzə çevrilib. Bu tarixi ilkin məhz Azərbaycanda reallaşması ölkəmizin qlobal gündəliyi formalaşdırmaq gücünü bir daha nümayiş etdirir.

Yuxarıda sadalananlara əlavə olaraq, rəsmi rəqəmlərə də əsaslanaraq deyə bilərik ki, Ümumdünya Şəhərsalma Forumunun təsis edildiyi ilk gündən bəri tarixinin ən böyük, ən genişmiqyaslı və ən çox iştirakçı toplayan WUF-u məhz Bakı Forumu oldu. Afrikadan Amerikaya, Avropadan Asiyaya qədər 170-dən çox ölkəni təmsil edən on minlərlə nümayəndənin, dövlət rəsmilərinin, yüzlərlə beynəlxalq və qeyri-hökumət təşkilatlarının məhz Bakıya toplaşması bu tədbirə olan beynəlxalq marağın göstəricisidir. Əvvəlki illərdə keçirilən forumlarla müqayisədə Bakı Forumu açılan sərgilər, müzakirə edilən mövzularla digərlərindən fərqlənir. Bu da öz növbəsində gələcəkdə bu tədbirə ev sahibliyi edəcək ölkələr üçünü əvəzolunmaz bir nümunə sayılmalıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Forumun ən çox diqqət çəkən və dünya miqyasında marağa səbəb olan istiqamətlərindən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işləridir. Şərqi Zəngəzur və Qarabağda viran edilmiş, yer üzündən silinmiş şəhər və kəndlərin yerində "yaşıl enerji" konseptinə uyğun olaraq qurulan ağıllı şəhər və ağıllı kənd layihələrinin Forum çərçivəsində rəğbətlə qarşılandığı, dünya birliyi, beynəlxalq təşkilatlar və şəhərsalma ekspertləri tərəfindən alqışlandığı müşahidə edildi. Bunun da səbəbi odur ki, 30 il ərzində viran edilmiş, daşı daş üstündə qalmayan ərazilərin qısa müddət ərzində ən müasir ekoloji standartlara, yəni yaşıl enerji zonası konsepsiyasına uyğun yenidən bərpa edilməsi dünya şəhərsalma tarixində analoqu olmayan hadisədir. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycanın bu layihəsi dünyada münaqişələrdən zərər çəkən ölkələr üçün əsas təcrübə və nümunədir. Azərbaycanın nümayiş etdirdiyi bu layihə və onun beynəlxalq ictimaiyyət tərəfindən alqışlanması eyni zamanda, ölkəmizə qarşı yönələn bəzi bədxah qüvvələrin planlarını tamamilə alt-üst etdi. Xüsusilə Forum ərəfəsində dünya erməniliyi və onların təsiri altında olan anti-Azərbaycan dairələr tərəfindən ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq, Bakının ev sahibliyini boykot etmək üçün aparılan növbəti qarayaxma kampaniyası tam mənası ilə iflasa uğradı. Hələ forumdan əvvəl sosial şəbəkələr, xarici media və digər platformalar vasitəsilə trollar ordusu dövriyyəyə soxulur, Azərbaycan əleyhinə saxta rəy yaradılır, dünya nümayəndələri və beynəlxalq təşkilatları Bakıya səfərdən çəkindirməyə çalışırdılar. Amma 170-dən çox ölkənin nümayəndəsinin, bir sıra nüfuzlu beynəlxalq təşkilat və QHT-lərin Azərbaycana səfəri, rəsmi Bakının peşəkar təşkilatçılığı erməni lobbisinin uydurduğu bütün yalan tezisləri darmadağın etdi. Beynəlxalq ictimaiyyət bu çirkin kampaniyalara və qərəzli çağırışlara əhəmiyyət verməyərək azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini bütün dünyaya, xüsusilə müharibə və münaqişələrdən zərər çəkmiş digər xalqlara əsl nümunə və örnək kimi göstərdi.

Azərbaycanın Forum çərçivəsində bütün dünyaya nümayiş etdirdiyi bu unikal bərpa modeli əslində Prezident İlham Əliyevin qlobal miqyasda qəbul edilən uzaqgörənliliyinin birbaşa təzahürüdür. Bu mənada, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyən edən qlobal şəhərsalma gündəliyinin məhz Bakıda formalaşması Prezident İlham Əliyevin güclü liderliyinin daha bir parlaq nümunəsidir. Prezidentin rəhbərliyi ilə Azərbaycan sadəcə qlobal bir tədbirə ev sahibliyi edən tərəf olmadı, eyni zamanda gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu diktə edən beyin mərkəzinə çevrildi.

Bakının son illər iqlim böhranlarından tutmuş regional münaqişələrin fəsadlarına qədər ən mürəkkəb qlobal problemlərin sülh, dialoq və qarşılıqlı anlaşma şəraitində müzakirə edildiyi məkana çevrilməsi Azərbaycanın dünyadakı birləşdirici missiyasını bir daha bariz şəkildə nümayiş etdirdi. Bu gün rəsmi Bakı tərəfindən irəli sürülən qlobal təşəbbüslər bəşəriyyəti ortaq çağırışlar ətrafında sıx birləşdirən bir qüvvəyə çevrilib. Beləliklə, Bakı Forumu bir daha təsdiqlədi ki, Azərbaycan artıq qlobal həmrəyliyin və beynəlxalq əməkdaşlığın dünyadakı ən etibarlı və əvəzolunmaz mərkəzlərindən biridir…

Kamil Məmmədov

Mənbə: report.az

Xəbər lenti