Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər gələcəyinə dair ortaq platformaya çevrilib.
Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, WUF13-ün uğurla keçirilməsində BMT Baş katibinin müavini Amina Məhəmmədin iştirakı, eləcə də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Annaklaudia Rossbaxın liderliyi və tərəfdaşlığı mühüm rol oynayıb.
"Bu möhkəm tərəfdaşlıq sayəsində WUF13 inklüzivliyi, dialoqu və dayanıqlı şəhər gələcəyinə dair ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi", - deyə sədr əlavə edib.
Onun sözlərinə görə, forumun yüksək səviyyədə təşkili məhz komandanın fədakarlığı və operativ fəaliyyəti nəticəsində mümkün olub: "Siz müstəsna fədakarlığınız və yorulmaz səylərinizlə arzuları nailiyyətə çevirdiniz, bu qədər genişmiqyaslı, rəngarəng və əhəmiyyətli forumun yüksək səviyyədə keçirilməsini təmin etdiniz".
Mənbə: report.az