IMG-LOGO

Əti bərkidən duz səhvi - Bunu etməyin

22 May 2026 15:09 5 baxış
IMG
0 0

Ən keyfiyyətli əti belə bir səhvlə tamamilə yararsız hala salmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, bir çox insan ətin niyə quru və sərt alındığını yanlış tavada və ya keyfiyyətsiz məhsulda axtarsa da, əsas səbəb əksər hallarda duzun yanlış vaxtda əlavə edilməsidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, duz bəzi hallarda ətin daha dadlı və yumşaq olmasına kömək etsə də, yanlış istifadə zamanı bütün şirəsini itirməsinə səbəb olur.

Xüsusilə toyuq filesi, balıq və nazik ət parçaları duza qarşı daha həssas sayılır. Əgər belə məhsullar bişirmədən dərhal əvvəl duzlanarsa, səthə çıxan maye isti tavada sürətlə buxarlanır və nəticədə ət quru qalır.

Mütəxəssislər bu tip məhsullara duzun bişmənin sonuna yaxın və ya hazır olduqdan sonra vurulmasını tövsiyə edirlər. Bu üsul ətin həm şirəli, həm də yumşaq qalmasına kömək edir.

Qalın mal əti və iri donuz əti parçalarında isə fərqli qayda keçərlidir. Belə ətlər bişirmədən təxminən 30–40 dəqiqə əvvəl duzlandıqda, əvvəlcə səthə çıxan maye bir müddət sonra yenidən ət tərəfindən sorulur. Bu isə həm daha zəngin dad, həm də yumşaq tekstura yaradır.

Böyük steyklər üçün quru duzlama üsulu da məsləhət görülür. Bunun üçün ət duzlanaraq bir neçə saat və ya bir gecə soyuducuda saxlanılır. Nəticədə səth daha xırtıldayan, iç hissə isə şirəli qalır.

Aşpazlar ən uğursuz variantın əti duzlayıb 5-10 dəqiqə gözləmək olduğunu bildirirlər. Çünki bu zaman ətin suyu səthə çıxır, lakin geri hopmağa imkan tapmır.

Bundan əlavə, mütəxəssislər əti soyuducudan çıxaran kimi tavaya qoymamağı, əvvəlcə 15-30 dəqiqə otaq temperaturunda saxlamağı məsləhət görürlər. Həmçinin ətin çəngəllə deşilməsinin də şirənin itirilməsinə səbəb olduğu vurğulanır.

duz əti necə yumşaq bişirmək olar?

Mənbə: lent.az

Xəbər lenti