IMG-LOGO

Tacikistan Azərbaycanla ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsini təklif edir

22 May 2026 12:01 2 baxış
IMG

Azərbaycan və Tacikistan arasındakı ticarət-iqtisadi, investisiya, sənaye, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlıq fəal şəkildə inkişaf edir.

"Report" xəbər verir ki, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Axliddin Nuriddinzoda Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, ticarət-iqtisadi əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir: "Dövlətlərimizin iqtisadiyyatları sənaye kooperasiyasının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli ilkin şərait yaradan qarşılıqlı tamamlayıcı imkanlara malikdir. Ölkələr arasında qarşılıqlı ticarətin və işgüzar fəallığın genişləndirilməsi üçün əlverişli şərait yaradan azad ticarət haqqında saziş qüvvədədir. Bu mexanizmin mövcudluğu tərəfdaşlarımıza ticarət maneələrinin azaldılması və istehsal kooperasiyası imkanlarının genişləndirilməsi daxil olmaqla əlavə üstünlüklər təqdim edir. Eyni zamanda, biz əminik ki, iqtisadi əməkdaşlığın mövcud səviyyəsi hələlik ölkələrimizin malik olduğu potensialı tam şəkildə əks etdirmir".

O bildirib ki, bu gün əsasən ticarət münasibətlərindən daha dərin sənaye və investisiya kooperasiyasına keçid vəzifəsi durur: "Biznes fəaliyyəti şəraitinin sabitliyinin təmin edilməsinə, investorların müdafiəsi təminatlarının genişləndirilməsinə və dövlət dəstəyinin müasir mexanizmlərinin, yəni investorlar üçün əlverişli şəraitin qorunması təminatını, o cümlədən vergi tənzimləməsində əlverişsiz dəyişikliklərdən qorunmanı nəzərdə tutan sabit investisiya rejimi mexanizmlərinin tətbiqinə yönəldilib. İnvestorlar üçün 10-dan çox fiskal və institusional stimulun saxlanılması nəzərdə tutulub. Həmçinin iri və strateji əhəmiyyətli layihələr üçün vergi və gömrük güzəştlərinə dövlət təminatları nəzərdə tutan təşəbbüs müqaviləsi mexanizmi mühüm rol oynayır".

Nazir müavini sənaye, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, emal sənayesi və innovativ istiqamətləri ikitərəfli əməkdaşlığın prioritet sahələri kimi nəzərdən keçirdiklərini bildirib: "Kənd təsərrüfatı və məhsulların emalı sahələrində xüsusi potensial mövcuddur. Tacikistan meyvə və tərəvəzlərin emalı üzrə müasir layihələrin həyata keçirilməsində, aqroloji mərkəzlərin inkişafında və regional bazarlara ixrac tədarükünün genişləndirilməsində maraqlıdır. Toxuculuq sənayesində də əhəmiyyətli perspektivlər mövcuddur. Tacikistan keyfiyyətli xammal bazasına malikdir və xammal ixracından tam istehsal dövrünün inkişafına - pambığın emalından yüksək əlavə dəyərli hazır toxuculuq məhsullarının buraxılışına keçid siyasətini ardıcıl olaraq həyata keçirir. Tacikistan həmçinin əhəmiyyətli hidroenergetika potensialına və yaşıl energetika ilə enerji tutumlu istehsalların inkişafı üçün geniş imkanlara malikdır".

O, ayrıca olaraq kritik əhəmiyyətli minerallar və strateji xammal sahəsindəki potensialını qeyd edib: "Ölkədə litium, kobalt, civə, qızıl və müasir yüksək texnologiyalı sənaye sahələrinin tələb etdiyi digər strateji minerallar daxil olmaqla 800 faydalı qazıntı yatağı aşkar edilmişdir. Biz təkcə kapitalın cəlb edilməsində deyil, həmçinin müasir texnologiyaların lokallaşdırılmasında, yüksək əlavə dəyərli istehsalların yaradılmasında və yeni regional istehsal zəncirlərinin formalaşdırılmasında maraqlıyıq".

Mənbə: report.az

Xəbər lenti