"Sumqayıt"la oyunda dominantlıq edən tərəf "Zirə" idi.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunda 1/4 final mərhələsinin "Sumqayıt" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, bərabərə bitən qarşılaşmanı şərh edib:
"Bu oyunda dominantlıq edən tərəf biz idik. Noyabr ayından bəri qələbə qazana bilməməyimiz barədə düşünmürük və bu amil komanda üzərində hər hansı təzyiq yaratmır. Bizim üçün əsas olan nəticədən daha çox oyunun keyfiyyəti və buraxılan səhvlərin düzgün təhlil edilməsidir. Bugünkü qarşılaşmada daha çox üstünlük bizdə idi, lakin, təəssüf ki, qol vura bilmədik. Əgər 1-2 dəfə fərqlənsəydik, cavab oyununa daha rahat hazırlaşa bilərdik. Komandamın göstərdiyi oyundan və performansından razıyam. İndi isə bütün diqqətimizi 3 gün sonra eyni rəqiblə çempionat çərçivəsində keçiriləcək matça yönəldəcəyik. Həmin görüşün daha vacib və gərgin olacağını bilirik və məqsədimiz orada bizim üçün önəmli olan qələbəni qazanmaqdır".
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyununda hesab açılmayıb.