IMG-LOGO

İtlər evin havasının keyfiyyətinə görünmədən təsir edir - ARAŞDIRMA

22 May 2026 11:10 2 baxış
IMG
39 0

Alimlər müəyyən ediblər ki, böyük ölçülü ev iti otaqda oturan bir insan qədər karbon qazı ifraz edə bilir. Bu isə ev heyvanlarının insanların yaşadığı mühitdə havanın keyfiyyətinə düşündüyümüzdən daha çox təsir göstərdiyini ortaya qoyur.

Lent.az xəbər verir ki, araşdırma zamanı itlər sahibləri ilə birlikdə xüsusi hermetik kamerada saxlanılıb. Mütəxəssislər müşahidə ediblər ki, itlər otaqda olduqda havanın tərkibi nəzərəçarpacaq dərəcədə dəyişir. İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun (EPFL) alimi Duşan Liçina havadakı dəyişiklikləri izləyərək itlərin qaz, toz hissəcikləri və mikrobların səviyyəsinə necə təsir etdiyini araşdırıb. Tədqiqat zamanı dörd çihuahua və üç iri cins itin göstəriciləri müqayisə olunub. Məlum olub ki, itin ölçüsü havaya yayılan maddələrin miqdarına birbaşa təsir edir. Araşdırmaya görə, itlərin olduğu mühitdə karbon qazı və ammonyak səviyyəsi artır. Ammonyak tənəffüs yollarını qıcıqlandıra bilən kəskin qaz hesab olunur. Xüsusilə iri cins itlər bu maddələri daha çox ifraz edir. Alimlər bildirirlər ki, karbon qazı nəfəsalma zamanı yaranır, ammonyak isə dəridə gedən kimyəvi proseslər nəticəsində əmələ gəlir. Pis havalandırılan kiçik məkanlarda bu qazlar daha sürətlə toplana bilər. Bir neçə heyvanın eyni otaqda olması vəziyyəti daha da gücləndirir. Araşdırma həmçinin göstərib ki, itlərlə oynayarkən və onları sığallayarkən havadakı toz hissəcikləri kəskin artır. İtlər silkələndikdə tüklər və toz havaya yayılır. Tədqiqat nəticəsində məlum olub ki, itlər insanların yanında oturduğu şəraitlə müqayisədə daha çox hissəcik yayırlar. Bu hissəciklərin ölçüsü 1 nanometrdən 10 mikrometrə qədər dəyişir. Alimlər qeyd edirlər ki, iri hissəciklər havada uzun müddət qalmır və tez çökür. Buna görə də itin hərəkəti, qaşınması və ya sığallanması otaq havasını qısa müddətdə dəyişə bilir. Araşdırma zamanı iri itlərdə bakteriya və göbələklərin də daha çox olduğu müəyyən edilib. Mütəxəssislər hesab edirlər ki, bu mikroorqanizmlər əsasən küçədən evə daşınır. Uzun tük və böyük pəncələr mikrobların evə daxil olmasını asanlaşdırır. İt hərəkət etdikcə həmin mikroorqanizmlər havaya yayılır. Tədqiqat göstərib ki, iri itlər havaya oturan insanlarla müqayisədə iki-dörd dəfə daha çox bakteriya və göbələk hissəcikləri buraxa bilir. Bununla belə, itlərin insanlarla müqayisədə ozonun parçalanması nəticəsində yaranan bəzi zərərli maddələri daha az istehsal etdiyi də bildirilib. Araşdırma müəllifləri qeyd edirlər ki, məqsəd ev heyvanlarını günahlandırmaq deyil. Onların sözlərinə görə, bu nəticələr qapalı məkanlarda havanın keyfiyyətini daha düzgün qiymətləndirməyə və daha yaxşı havalandırma sistemləri qurmağa kömək edə bilər.

Heyvanlar aləmi itlər evheyvanları sağlamlıq

Mənbə: lent.az

Xəbər lenti