IMG-LOGO

Kolumbiyanın nazir müavini: Bakı mənə çox xoş gəldi və ailəmlə birlikdə buraya qayıtmaq istəyirəm - MÜSAHİBƏ

22 May 2026 09:58 5 baxış
IMG

Azərbaycan bir daha iri beynəlxalq tədbirləri təşkil etməyi bacaran ölkə statusunu təsdiqlədi və davamlı şəhər inkişafı sahəsində hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və ekspertləri bir məkanda uğurla birləşdirdi.

Bu gün Bakıda işini başa çatdıracaq Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçıları forumun 6 gün ərzində müzakirə olunan mövzuların - əlçatan mənzildən və iqlim davamlılığından tutmuş sosial inklüzivliyə və şəhər infrastrukturunun modernləşdirilməsinə qədər - aktuallığını dəfələrlə vurğuladılar.

Bu müzakirələr fonunda mənzil siyasətində yeni yanaşmalar həyata keçirən ölkələrin təcrübəsi xüsusi maraq doğurdu.

"Report"a müsahibəsində Kolumbiyanın mənzil tikintisi, şəhərlər və ərazilər nazirinin müavini Ayde Marsilya Bello ölkəsinin nümayəndə heyətinin forumda iştirakının əsas məqsədləri barədə danışıb, Bakıdan təəssüratlarını bölüşüb, həmçinin Azərbaycan və Kolumbiya arasında mənzil abadlaşdırması və şəhərlərin davamlı inkişafı sahələrində əməkdaşlıq perspektivlərini qeyd edib.

- Kolumbiya WUF13-dən hansı nəticələr gözləyir?

- Deyərdim ki, bizim üçün konkret nəticələrdən daha çox ölkəmizin mənzil siyasətinin transformasiyası prosesində yaşadığı təcrübəni nümayiş etdirmək imkanı vacibdir. İndiki hökumət hakimiyyətə gələndə mənzil siyasəti demək olar ki, yalnız yeni mənzillərin alınması üçün subsidiyaların verilməsinə yönəlmişdi.

Lakin Kolumbiya əhalisinin ehtiyacları daha geniş və müxtəlifdir. Buna görə də son illərdə biz mənzil siyasətinə yanaşmanı genişləndirdik və yaşayış mühiti konsepsiyasını irəli sürməyə başladıq. Bu siyasətin mərkəzində su dayanır, şəhərləri su ehtiyatları ətrafında təşkil etmək zərurəti var. Ümumilikdə, konsepsiyamız çərçivəsində biz suyu qorunmalı olan ümumi nemət və şəhərlərin inkişafını formalaşdıran amil kimi nəzərdən keçiririk.

Biz göstərmək istəyirik ki, yalnız tikintiyə, kvadrat metrlərə və betona əsaslanan siyasətdən insanların birliklərini diqqət mərkəzində saxlayan, həmçinin dayanıqlılıqla bəşəriyyətin yaşayış və inkişaf tərzi arasında balans tapmağa çalışan kompleks yaşayış mühiti siyasətinə necə keçirik. Məhz budur bizim əsas məqsədimiz.

- Bakı sizdə hansı təəssürat yaratdı?

- Açığını deyim: şəhəriniz mənə çox xoş gəldi. Bakı mənə müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu gözəl bir şəhər kimi göründü - məhz belə bir təəssürat yaratdı. Çox maraqlı tarixiniz var. Azərbaycanın nisbətən gənc bir dövlət olmasına baxmayaraq, ölkə zəngin tarixi irsə malikdir.

Memarlıq, şəhər mühiti, görməli yerlər - bütün bunlar çox maraqlıdır. Həmçinin xoşuma gəldi ki, ölkə dünyaya açıqdır və tanınmağa çalışır. Bizim üçün (Kolumbiya - red.) Azərbaycan çox uzaq bir ölkə kimi görünür, lakin bu səfərdən sonra buraya ailəmlə birlikdə qayıtmaq istəyi yarandı. Əslində, məsafəyə baxmayaraq, mənə elə gəlir ki, ilk baxışda görünə biləcəyindən daha çox ortaq cəhətimiz var.

- Hər hansı tarixi yerləri ziyarət edə bildinizmi?

- Təəssüf ki, forumda iştirakım səbəbindən turizmə çox vaxtım olmadı. Lakin sıx tədbirlər cədvəlinə baxmayaraq, Qız Qalasını görmək, Xəzər dənizi boyunca Bulvarda gəzmək və Köhnə Şəhərdə gəzinti etmək mənə nəsib oldu. Əlbəttə, mən Bakının yalnız kiçik bir hissəsini gördüm, amma indi buraya mütləq yenidən qayıtmaq üçün ciddi bir səbəbim var.

- Kolumbiyanın Mənzil Tikintisi, Şəhər və Ərazilər Nazirliyi hansı sahələrdə Azərbaycanla əməkdaşlıq edə bilər?

- Forumda əldə edilən məlumata görə, Azərbaycan hazırda Qarabağ bölgəsində müharibə və Ermənistanla münaqişədən zərər çəkmiş insanların köçürülməsi ilə fəal məşğul olur.

Təəssüf ki, Kolumbiyanın münaqişələr və əhalinin məcburi köçürülməsi ilə bağlı böyük təcrübəsi var. Və bizim üçün insanların birliklər ilə birbaşa qarşılıqlı əlaqə son dərəcə vacib olmuşdur. Bəzən hakimiyyət orqanları nəyin doğru olduğuna dair öz baxışlarından çıxış edərək layihələr planlaşdırır, lakin insanların real ehtiyacları əhəmiyyətli dərəcədə fərqli ola bilər. Buna görə də məmurların nöqteyi-nəzərindən düzgün görünən şey, həmişə həmin yerlərdə yaşayacaq insanların gözləntilərinə uyğun gəlmir.

Düşünürəm ki, Kolumbiyanın təcrübəsini - icmalarla dialoqu necə qurduğumuzu, insanlara öz layihələrinin və proseslərinin inkişafında necə iştirak etməkdə kömək etdiyimizi bölüşmək bizim üçün çox maraqlı olardı.

Eyni zamanda Azərbaycan şəhərlərin sıfırdan planlaşdırılması, təmiz enerji texnologiyalarının tətbiqi və dayanıqlı inkişaf sahəsində öz təcrübəsini bizimlə bölüşə bilərdi. Biz enerji keçidinə, qazıntı yanacağının təmiz enerji mənbələri ilə əvəz olunmasına çox maraq göstəririk. Buna görə də hesab edirəm ki, ölkələrimizin bu sahədə əməkdaşlıq üçün böyük imkanları var. Kolumbiya səfiri və bizim səfirliyimiz iki ölkə arasında belə əlaqələrin inkişafına kömək etməyə hazır olacaq.

- İki ölkə arasında urbanistika və dayanıqlı inkişaf sahəsində təcrübə və mütəxəssis mübadiləsi mümkündürmü?

- Bəli, şübhəsiz. Artıq qeyd etdiyim kimi, biz yerli icmalarla aparılan sosial iş təcrübəsini, insanları öz layihələrinin idarə edilməsinə necə cəlb edə bildiyimizi bölüşə bilərik. Yəni sosial sahədə biz Azərbaycanla əməkdaşlıq edə bilərdik, siz isə öz növbənizdə planlaşdırma və müasir texnologiyaların tətbiqi məsələlərində bizə kömək edə bilərdiniz.

- Azərbaycanın "ağıllı şəhərlər" və "ağıllı kəndlər" yaratmaq təcrübəsini necə qiymətləndirirsiniz? Belə layihələr Kolumbiya üçün maraqlıdırmı?

- Əlbəttə. Düşünürəm ki, biz sadəcə "ağıllı" deyil, həm də dayanıqlı şəhərlərə doğru irəliləməliyik. Bu forum məhz digər ölkələrin təcrübəsini öyrənmək və mənimsəmək imkanı verir. Təbii ki, hər bir dövlətin öz xüsusiyyətləri və çətinlikləri var. Lakin belə beynəlxalq platformalar məhz bunun üçün yaradılır - hansı təcrübələrin öz ölkəndə adaptasiya oluna biləcəyini, hansıların isə oluna bilməyəcəyini anlamaq, təcrübə mübadiləsi aparmaq və öz yanaşmalarımızı yaxşılaşdırmaq yollarını axtarmaq üçün".

Mənbə: report.az

Xəbər lenti