Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda infarkt keçirən Mehmet Kepirə müdaxilə zamanı təcili yardım maşınının açarı itdiyi üçün həyatını xilas etmək mümkün olmayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evində qəfildən halı pisləşərək yerə yıxılan Mehmet Kepir üçün ailəsi “112 Təcili Yardım” xidmətinə zəng edərək kömək istəyib. Hadisə yerinə dərhal tibbi briqada göndərilib.
Hadisə yerinə gələn tibb işçiləri xəstəyə müdaxilə edərək ürək masajı etməyə başlayıblar. Daha sonra onu xəstəxanaya aparmaq istəyəndə isə maşının açarının itdiyini görüblər. Həm tibb işçiləri, həm xəstənin yaxınları, həm də ətrafdakı vətəndaşlar açarı axtarmağa başlayıblar. Amma onu tapmaq mümkün olmayıb.
Açar tapılmadığı üçün hadisə yerinə ikinci təcili yardım maşını çağırılıb. Mehmet Kepir başqa təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mehmet Kepirin həyat yoldaşı Şengül Ayağ ərinin səhlənkarlıq nəticəsində öldüyünü iddia edərək məsul şəxslərdən şikayət edib. Bunun ardından prokurorluq tərəfindən araşdırma başladılıb.
“Təcili yardım” maşınının açarı itdi xəstə öldü