Müasir dövrdə smartfon seçərkən artıq təkcə kamera və performans deyil, cihazın nə qədər asan təmir oluna bilməsi də vacib meyarlardan sayılır.
Lent.az xəbər verir ki, yeni araşdırmaya görə, Samsung Android smartfonları arasında təmir baxımından ən zəif nəticə göstərən brend olub. Araşdırma ABŞ-də fəaliyyət göstərən PIRG tərəfindən aparılıb. Tədqiqat zamanı iri smartfon istehsalçıları cihazların təmir rahatlığına görə müqayisə olunub. Qiymətləndirmə zamanı ehtiyat hissələrinin əlçatanlığı, cihazın sökülmə çətinliyi, rəsmi təmir təlimatlarının mövcudluğu və standart alətlərlə təmir imkanları nəzərə alınıb. Nəticələrə əsasən, Samsung “D” qiyməti alaraq Android bazarında ən aşağı göstəriciyə sahib olub. Google “C-” nəticə göstərib, ən yaxşı göstərici isə “B+” ilə Motorola şirkətinə məxsus olub. Mütəxəssislər bildirirlər ki, Samsung bazarda lider mövqedə olsa da, onun smartfonları təmir rahatlığı baxımından rəqiblərindən geri qalır. Bu nəticələri iFixit tərəfindən aparılan testlər də təsdiqləyir. Belə ki, son altı Samsung Galaxy modelindən heç biri təmir rahatlığı üzrə 10 baldan 5-dən yüksək nəticə əldə edə bilməyib. Araşdırmada qeyd olunur ki, Samsung-un aşağı nəticə göstərməsinin səbəblərindən biri də şirkətin “təmir hüququ” ilə bağlı qanun layihələrinə qarşı çıxan sənaye birliklərində iştirak etməsidir. Bununla belə, tədqiqatçılar şirkətin son illərdə smartfon konstruksiyasında müəyyən dəyişikliklər etdiyini və təmir imkanlarını yaxşılaşdırmağa çalışdığını da vurğulayırlar. Lakin bu addımlar hələlik bazar liderləri səviyyəsinə çatmaq üçün kifayət etmir. Ekspertlər hesab edirlər ki, cihazın uzunömürlü olması və asan təmir edilməsi istifadəçi üçün vacibdirsə, alıcılar alternativ Android smartfon brendlərinə də diqqət yetirməlidirlər.
Texno smartfon telefon təmiri