Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının ilk dəfə Cənubi Qafqazda keçirilməsi Qlobal Cənub ölkələrindəki sürətli urbanizasiya prosesləri fonunda xüsusi əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Qlobal Su, Ətraf Mühit və Səhiyyə İnstitutunun (GIWEH) təsisçisi, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Səlim Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, indiki assambleya sadəcə beynəlxalq görüş deyil, həm də cəmiyyətin real ehtiyaclarına əsaslanan, daha inklüziv, insanlara yönəlmiş şəhərlərin yaradılmasına ümumi sadiqliyin əksidir.
"Bu gün Qlobal Cənub dünya urbanizasiya prosesinin mərkəzindədir. 2050-ci ilə qədər dünya əhalisinin demək olar ki, 70 %-i şəhərlərdə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası ölkələrində və digər inkişaf etməkdə olan regionlarda yaşayacaq", - o qeyd edib.
Nidal Səlim vurğulayıb ki, iqtisadi artım və inkişaf üçün yaranan imkanlara baxmayaraq, şəhərlər ciddi çağırışlarla – əlçatan mənzil çatışmazlığı, qeyri-kafi sanitar infrastruktur, xaotik urbanizasiya, iqlim riskləri, infrastruktur defisiti və artan sosial bərabərsizliklə üzləşirlər.
"Milyonlarla insan hələ də təməl problemlərlə - təhlükəsiz mənzilə çıxış, iqlim dəyişikliyinin nəticələrindən qorunma və şəhərlərin inkişafı ilə bağlı qərarların qəbulunda iştirak etmək imkanı ilə üzləşir. Bu onu göstərir ki, dayanıqlı inkişaf təkcə infrastrukturun qurulmasını deyil, həm də inklüziv idarəetməni, güclü institutları və vətəndaş cəmiyyətinin fəal iştirakını tələb edir. Məhz QHT-lər və ictimai təşkilatlar burada əsas rol oynayır", - o bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan dialoqun və inklüziv inkişafın təşviqində mühüm liderlik nümayiş etdirir, Bakı isə modernləşdirmə, tarixi irsin qorunub saxlanması və vətəndaş cəmiyyətinin fəal iştirakı arasındakı balansın nümunəsidir.