IMG-LOGO

Vüqar Rəhimzadə: Minsk qrupu tarixdə riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq

13 May 2026 20:13 4 baxış
IMG

Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında qalması yalnız Ermənistanın təcavüzkar siyasətinin nəticəsi deyildi, bu proses həm də beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, ikili standartlara əsaslanan yanaşması və böyük dövlətlərin geosiyasi maraqları səbəbindən uzanıb.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə jurnalistlərə açıqlamasında bildirib.

"44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqına illərlə "münaqişənin hərbi həlli yoxdur" deyən beynəlxalq vasitəçilər əslində status-kvonun qorunmasına xidmət edirmişlər. Azərbaycan isə tarixi Qələbəsi ilə təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, həm də Minsk qrupunun diplomatik iflasını bütün dünyaya nümayiş etdirib", - deputat xatırladıb.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu yaradılarkən formal olaraq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası daşıyırdı. Lakin illər keçdikcə məlum oldu ki, bu qurum problemin həllindən daha çox onun dondurulmasında maraqlıdır: "ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri olan həmsədr dövlətlər beynəlxalq hüququn təminatçısı olmaq əvəzinə, selektiv yanaşma nümayiş etdirirdilər. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri də kağız üzərində qalırdı.

Bu məqamda sual olunur: Nə üçün 2011-ci ildə Minsk qrupunun həmsədrlərindən biri olan Fransa BMT TŞ-nin qətnaməsini 48 saat ərzində həyata keçirib Liviyanı bombaladı, lakin Qarabağla bağlı qətnamələr 30 ilə yaxın icrasını gözlədi? Şübhə yoxdur ki, əgər həmin qətnamələr başqa bir regionla bağlı olsaydı, böyük ehtimalla dərhal icra ediləcəkdi. Lakin söhbət Azərbaycandan gedəndə beynəlxalq hüquq "mürəkkəb diplomatik proses" adı altında illərlə təxirə salınıb. Bu, beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunələrindən biri idi. Prezident İlham Əliyev dəfələrlə bu həqiqətləri beynəlxalq tribunalardan səsləndirərək Minsk qrupunun qərəzli fəaliyyətini sərt tənqid edib. 44 günlük müharibədən sonra isə həmsədrlərə açıq şəkildə bildirib ki, artıq onlara ehtiyac qalmayıb və Azərbaycan onları ölkəyə dəvət etmir".

V. Rəhimzadə Minsk qrupunun ən çox təkrarladığı tezisin "münaqişənin hərbi həlli yoxdur" fikri olduğunu bildirib və bu yanaşmanın Azərbaycanın işğalla barışmasına hesablandığını qabardıb. "Həmsədrlər kompromis adı altında Azərbaycana təslimçi sülh modeli qəbul etdirmək istəyirdilər", - deyib.

Deputat vurğulayıb ki, Azərbaycanın suverenliyinə qarşı açıq hörmətsizlik məqsədi ilə "Şimali Qarabağ" kimi uydurma terminlər ortaya atılırdı:

"Bu illər ərzində Azərbaycan şəhərləri dağıdılır, kəndlər viran qoyulur, məscidlər təhqir edilir, mədəni irs məhv olunurdu. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparılır, təbii sərvətlər talan edilirdi. Lakin Minsk qrupu bütün bunlara ya susur, ya da formal bəyanatlarla kifayətlənirdi".

V. Rəhimzadə diqqətə çatdırıb ki, həmsədrlərin bölgəyə saysız-hesabsız səfərləri nəticəsiz "diplomatik turizm"dən başqa bir şey deyildi. Xüsusi nümayəndə Anji Kasprşik isə illərlə bu prosesə yüksək maaşlı və rahat bir fəaliyyət sahəsi kimi yanaşıb. 2020-ci ildə Azərbaycan Ordusu cəmi 44 gün ərzində həm Ermənistan ordusunu darmadağın edib, həm də Minsk qrupunun illərlə yaratdığı mifləri dağıdıb. Azərbaycan öz gücü hesabına BMT qətnamələrini icra edib və beynəlxalq hüququn işləmədiyi yerdə tarixi ədaləti özü təmin edib. Bununla da Minsk qrupu diplomatiya tarixində uğursuzluğun, riyakarlığın və ikili standartların simvoluna çevrilib.

Millət vəkili bildirib ki, regionda davamlı sülhün qarşısını alan əsas amillərdən biri də Ermənistanın müstəqil siyasət yürütmək qabiliyyətinin olmamasıdır. Tarix boyu müxtəlif güclərin himayəsinə sığınan Ermənistan bu gün də xarici dairələrin geosiyasi planlarında alət rolunu oynayır. Bir vaxtlar Rusiyanın təsiri altında olan İrəvan indi Fransanın regiondakı siyasətinin əsas dayaqlarından birinə çevrilib. Xüsusilə Fransanın Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək üçün Ermənistanı istifadə etməsi açıq görünür. Parisin neokolonial yanaşması yalnız Afrikada deyil, artıq Qafqaz siyasətində də hiss olunur. Fransa Prezidenti Emmanuel Makron isə anti-Azərbaycan ritorikası ilə regionda sülhə deyil, gərginliyə xidmət edən mövqe sərgiləyir. Prezident İlham Əliyevin Zəngilanda sakinlərlə görüşündə dediyi kimi, gücləri var idisə, Ermənistana elə 2020-ci ildə kömək edərdilər.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi Qələbə deyildi. Qarabağ Zəfəri göstərib ki, milli birlik, güclü siyasi iradə və müstəqil siyasət istənilən beynəlxalq təzyiqi neytrallaşdırmağa qadirdir:

"Bu Zəfər, həmçinin Qafqazda 200 illik ədalətsiz status-kvonu dağıdıb və regionda yeni geosiyasi reallıq yaradıb. Artıq regional gündəliyi Bakı və Ankara müəyyən edir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas memarlarına çevriliblər.

Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan Ermənistanla sülh prosesinin əsas təşəbbüskarıdır. Rəsmi Bakı davamlı sülh müqaviləsinin imzalanmasını dəstəkləyir və regionda uzunmüddətli sabitliyin təmin olunmasını istəyir. Lakin, eyni zamanda, Ermənistanda revanşist qüvvələrin fəallaşması və Avropa İttifaqının (Aİ) missiyası adı altında bölgədə yeni təsir mexanizmlərinin yaradılması ciddi suallar doğurur. Xüsusilə Fransanın dəstəklədiyi Aİ missiyası bölgədə etimadın güclənməsinə yox, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Əlavə gərginlik ocaqlarının yaradılmasına ehtiyac yoxdur. Çünki bu gün dünya yeni geosiyasi böhranlarla üz-üzədir.

İran-İsrail-ABŞ qarşıdurması, Hörmüz boğazı ətrafındakı risklər, enerji və ərzaq qiymətlərinin artması qlobal iqtisadiyyata ciddi təsir göstərir. Dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında yaranan təhlükə beynəlxalq bazarlarda ciddi narahatlıqlar yaradır".

Milli Məclisin deputatı bir məqamı xüsusi qeyd edib ki, hazırkı müharibələr və qarşıdurmalar fonunda Azərbaycan daxilində qorunan sabitlik və təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu gün təkcə regionun güclü dövləti deyil, həm də etibarlı tərəfdaş və təhlükəsizlik təminatçısıdır.

Xəbər lenti