IMG-LOGO

Məmməd Musayev: "TDT ölkələrinin ÜDM-i 2,1 trilyon dolları ötüb"

13 May 2026 12:44 5 baxış
IMG

Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin məcmu ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin yekunlarına görə 2 trilyon 111 milyard ABŞ dollarını ötüb, ticarət dövriyyəsi isə 1 trilyon 127 milyard ABŞ dollarına çatıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidenti Məmməd Musayev Astanada keçirilən "TDT ölkələrinin iqtisadi inteqrasiyası və əməkdaşlığı: sənaye, aqrar, logistika və rəqəmsal sahədə yeni imkanlar" biznes-forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 178 milyondan çox əhalisi olan TDT ölkələrinin iqtisadi potensialı bu gün dünya ÜDM-nin 2,8 %-ni və qlobal ticarətin 3,6 %-ni təşkil edir.

M.Musayev qeyd edib ki, qlobal iqtisadi qeyri-müəyyənlik fonunda türk dövlətləri dinamik artım nümayiş etdirir: "Xüsusilə, 2025-ci ildə Qırğızıstan iqtisadiyyatı 11,1 %, Özbəkistan – 7,7 %, Qazaxıstan – 6,5 %, Türkmənistan – 6,3 %, Türkiyə – 3,2 %, Azərbaycan – 1,4 % artıb. Yeni geoiqtisadi nizamın formalaşması şəraitində TDT ölkələrinin inteqrasiyası strateji zərurətə çevrilir, burada Şərq ilə Qərb arasında ən təhlükəsiz, qısa və perspektivli marşrut kimi Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir".

Azərbaycanın rolunu xüsusilə qeyd edən konfederasiya rəhbəri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Bakı–Tbilisi–Qars dəmir yolu, Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanı layihələri, eləcə də Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin inkişafı sayəsində ölkə regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

M.Musayev həmçinin vurğulayıb ki, Azərbaycanın ÜDM-i 2025-ci ildə 76 milyard ABŞ dollarını keçib, bank sektorunun aktivləri 34 milyard ABŞ dollarına çatıb, daha yüksək dinamika isə qeyri-neft sektorunda müşahidə olunub.

O, birgə sənaye zonalarının yaradılması, rəqəmsal ticarət platformalarının inkişafı, gömrük prosedurlarının harmonizasiyası, süni intellekt, "FinTech" və "ağıllı logistika" sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti