Avropa Komissiyası Ermənistana viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planının həyata keçirilməsinin gedişinə dair ilk hesabatı təqdim edib.
Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.
Hesabatda Ermənistanın ilkin hədəf göstəricilər paketinin həyata keçirilməsində əldə etdiyi irəliləyişi qiymətləndirilir. Əsas diqqət dörd mühüm sahədə qanunvericilik və siyasi bazaya yönəldilib: sənədlərin təhlükəsizliyi, sərhəd nəzarəti, miqrasiya və sığınacaq məsələlərinin idarə edilməsi, ictimai asayiş və təhlükəsizlik, xarici əlaqələr və əsas hüquqlar.
Məlumatda vurğulanır ki, viza rejiminin liberallaşdırılması üzrə dialoq müəyyən edilmiş bütün meyarların tam yerinə yetirilməsi üçün tələb olunan müddətə qədər davam edəcək.
Avropa Komissiyası Avropa İttifaqının üzvü olan dövlətlərin ekspertlərinin dəstəyi ilə Fəaliyyət Planında nəzərdə tutulmuş bəndlərin icrası üzrə monitorinqi davam etdirəcək. Bu məqsədlə yaxın vaxtlarda Ermənistana əlavə qiymətləndirmə missiyaları təşkil ediləcək.
Bundan başqa, Aİ xüsusilə Ermənistanın İqtisadi İnkişaf Proqramı çərçivəsində texniki və maliyyə yardımının göstərilməsi vasitəsilə ölkədə islahatların dəstəklənməsinə sadiqliyini təsdiq edib.