Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, E.Ağayev anasının kişilərlə əlaqə saxladığına görə öldürüb. Belə ki, E.Ağayev qaynatasının evə gələcəyi barədə yalan deyərək anasını evə çağırıb. Anası işdən evə gəldikdə isə onu boğaraq üz nahiyyəsindən yumruqlar vurmuş, daha sonra öldüyündən əmin olmaq üçün 2 dəfə bıçaqla boğazından zərbə endirərək, xüsusi amansızlıqla öldürüb.
Təqsirləndirilən E.Ağayev ittiham üzrə özünü təqsirli bildiyini deyib:
“İşdən qayıdanda anama zəng edərək qaynatamın bizə gələcəyini və onunla işim olduğunu dedim. O evə gələndə boğazından tutub onu itələdim daha sonra boğdum. Bıçaqla isə bir dəfə onu vurdum ki, canı çıxsın. Mən ancaq öz namusumu təmizləmişəm. Üç il qabaq sosial şəbəkələrdəki yazışmalarını tutmuşdum. Yeniyetmə yaşlarımdan bəri anamın atama xəyanət etdiyini bilirdim. Yalandan deyirdi ki, atanın qəbrini ziyarətə gedirəm, amma yaşına uyğun olmayan tərzdə bəzənib- düzənərək, o adamın yanına gedirdi".
Növbəti proses 2 iyuna təyin olunub.
Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvar ayının 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.
O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə məsuliyyətə cəlb edilib.
Hadisələr